ELM VƏ TƏHSİL
Artırılmış və virtual reallıq texnologiyaları bazarında gəlir 162 milyard dolları ötəcək
Bakı, 17 avqust, AZƏRTAC
“IDC” analitik şirkətinin proqnozuna görə, yaxın illərdə artırılmış və virtual reallıq texnologiyaları bazarının həcmi ildə orta hesabla 181.3 faiz artacaq. Ekspertlərin qiymətləndirməsinə görə, həmin bazarda gəlir 5.2 milyard ABŞ dollarından 162 milyardadək yüksələcək.
AZƏRTAC “dailycomm.ru” saytına istinadən xəbər verir ki, artırılmış və virtual reallıq texnologiyaları ilə işləmək üçün proqram təminatı sahəsində kəskin artım proqnozlaşdırılır. Belə ki, yalnız 2016-cı ildə belə ixtisaslaşdırılmış proqram təminatından əldə edilən gəlir 200 faiz artacaq.
“IDC”nin analitikləri hesab edirlər ki, 2016-2017-ci illərdə virtual reallıq seqmenti gəlirin həcminə görə artırılmış reallıq kateqoriyasını ötəcək. Lakin gələcəkdə artırılmış reallıq seqmenti sürətlə inkişaf edəcək. Analitiklər artırılmış reallıq texnologiyasının tibb, təhsil, logistika və sənaye istehsalında tətbiqini qeyd edirlər.
Araşdırmaya əsasən, artırılmış və virtual reallıq texnologiyaları bazarında bütün gəlirin 75 faizi Asiya-Sakit okean regionu, ABŞ və Qərbi Avropanın payına düşəcək. 2020-ci ildə ABŞ bu bazarda liderliyi ələ keçirəcək.