REGİONLAR
Arye Gut: Naxçıvan bu gün əsl intibah dövrünü yaşayır
Bu sözləri IV Bakı Beynəlxalq Humanitar Forumunun bir qrup iştirakçısı arasında Naxçıvanda səfərdə olmuş “İsrail-Azərbaycan” (Azİz) Beynəlxalq Assosiasiyası İdarə Heyətinin üzvü Arye Gut AZƏRTAC-a müsahibəsində deyib.
A.Gut əlavə edib ki, muxtar respublika bu gün əsl intibah dövrünü yaşayır. Biz IV Bakı Humanitar Forumunun iştirakçıları da Naxçıvanda yüksək səviyyədə qurulan infrastrukturu, turizm potensialını, enerji və ərzaq təhlükəsizliyinin təmin edildiyini öz gözlərimizlə gördük. Eyni zamanda, onu da gördük ki, illərdən bəri Ermənistan tərəfindən blokadada saxlanılan Naxçıvanda bu problemin yaratdığı bütün çətinliklərə baxmayaraq, çox böyük və əhəmiyyətli layihələr reallaşdırılıb, muxtar respublika beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib.
“Mənim atam, tanınmış Azərbaycan kinorejissoru Əhməd Abdullayev 1974-cü ildə Naxçıvan Muxtar Respublikasının 50 illiyində Naxçıvan haqqında sənədli film çəkmişdi. O vaxt sovet Azərbaycanı dövründə bu, Naxçıvanın təbliği baxımından atılmış müsbət və önəmli addımlardan biri idi”, – deyən Arye Gut əlavə etdi ki, Naxçıvana gəlmək və bu qədim diyarı görmək mənim uşaqlıq arzum olub. IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində baş tutan səfər bu baxımdan məni çox sevindirib. Yaşıllıqlarla əhatə olunmuş Naxçıvan şəhərinin müasir dövrün tələblərinə uyğun qurulmuş küçələri, binaları isə hər kəs kimi məni də valeh etdi.