REGİONLAR
Əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlət-din münasibətləri sağlam prinsiplərə söykənir
Astara, 7 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə Astarada “Dövlət-din münasibətləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Astara Rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Turan Həsənzadə, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli və din xadimləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edənlər Azərbaycanda mövcud olan dövlət-din münasibətlərindən, tolerant və multikultural dəyərlərdən danışıblar. Qeyd olunub ki, ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətləri sağlam prinsiplərə söykənir.
Çıxışlarda, həmçinin din xadimlərinin bu prinsiplər əsasında fəaliyyət göstərmələrinin, habelə gənclər arasında mənəvi dəyərlərimizin təbliğ edilməsi məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyəti qeyd edilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.