DÜNYA
Asayiş keşikçisi “Üçüncü Reyx vətəndaşı”nın gülləsinin qurbanı olub
Berlin, 20 oktyabr, AZƏRTAC
“Reyxsbürgerlər” deyilən adamlar Almaniya Federativ Respublikasını (AFR) dövlət kimi tanımırlar. Bunun müqabilində onlar özlərini 1937-ci il sərhədləri çərçivəsində “Almaniya Reyxi”nin vətəndaşları hesab edirlər. Bu adamlar Almaniyanın Əsas Qanununu, məhkəmələrin legitimliyini rədd edir, bütün səviyyələrdə hakimiyyətin rəsmi nümayəndələrini, hökumətin qərar və sərəncamlarını tanımırlar. “Reyxsbürgerlər” vergiləri və başqa dövlət rüsumlarını ödəməkdən imtina edirlər. Bəzilərində “Almaniya Reyxi vətəndaşlarının pasportları” var. Əksəriyyəti ifrat sağçı baxışların sahibidir. “Reyxsbürgerlər” Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarənin nəzarəti altındadır və onların dəqiq sayı açıqlanmır.
Oktyabrın 19-da Bavariya əyalətinin Georgensqmünd şəhəri yaxınlığında belə “reyxsbürgerlər”dən biri silahının müsadirə olunması orderi ilə evinə gələn hüquq mühafizə orqanları nümayəndələrinə atəş açıb. Silahın saxlanması və istifadəsi barədə lisenziyanın olmasına baxmayaraq, hüquq mühafizə orqanları onu müsadirə etmək qərarına gəliblər, çünki 49 yaşlı “reyxsbürger”in radikal baxışları təhlükəli sayılıb. Nəticədə dörd polis əməkdaşı yaralanıb. Onlardan biri oktyabrın 20-də ağır yaralardan vəfat edib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin