MƏDƏNİYYƏT
“Əsgər bala” uşaq musiqi qrupunun təqdimatı keçirilib
Bakı, 12 sentyabr, AZƏRTAC
Sentyabrın 12-də Beynəlxalq Mətbuat Mərkəzində “Əsgər bala” uşaq musiqi qrupunun təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə musiqi qrupunun ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Qrupun rəhbəri Faiq Hüseynov məlumat verib ki, qrupun məqsədi uşaqlarda vətənpərvərlik hissini aşılamaq, hərbi vətənpərvərlik mövzusunda musiqili-əyləncəli proqramlar təşkil etmək, balacaları Vətənə məhəbbət ruhunda böyütməkdir.
Bildirilib ki, qrupa üzv olmaq istəyən 7-11 yaş arasında doxsan uşaqdan yeddisi seçilib. Onlardan üçü bek-vokal, dördü qrupun üzvü olacaq. Qrup üzvləri mütəmadi olaraq mahnı üzərində çalışacaq, öz ifalarını təkmilləşdirəcək, disklər yazdıracaq, kliplər çəkdirəcəklər. Qarabağ problemini dünyaya tanıtmaq məqsədi daşıyan qrupun ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndiriləcək.
Qrupun bəstəkarı Aytac Ağayeva balaca müğənnilərin əvvəlcə “Bir millət, iki dövlət “mahnısını hazırlayacağını deyib. İlk kliplərin Sumqayıtda, Bakıda çəkiləcəyini bildirən A.Ağayeva tam hazırlıqdan sonra hərbi hissələrdə, hətta mətnlərin tərcümə edilərək qonşu ölkələrdə də səsləndiriləcəyini söyləyib.