CƏMİYYƏT
Aşqabadda MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının iclası keçiriləcək
Aşqabad, 11 iyul, AZƏRTAC
İyulun 19-20-də Aşqabadda MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının iclası keçiriləcək.
Səhiyyə sahəsində Əməkdaşlıq Şurası 1992-ci ilin iyun ayında yaradılıb.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin rəsmi saytına istinadla xəbər verir ki, müvafiq sənədlərin layihələrinin hazırlanması üçün Şuranın nəzdində daimi əsasda beş işçi orqan fəaliyyət göstərir: Dərman vasitələrinin, tibbi təyinatlı məhsulların və tibbi texnikanın standartlaşdırılması, qeydiyyatı və onların keyfiyyətinə nəzarət üzrə Dövlətlərarası Komissiya; Sanitar-epidemioloji normalaşdırma üzrə Dövlətlərarası Komissiya; İİÇV/QİÇS, vərəm və malyariya problemləri üzrə Əlaqələndirmə Şurası; Xüsusilə təhlükəli infeksion xəstəliklərin MDB üzvü olan ölkələrin ərazisinə gətirilməsindən və yayılmasından sanitar-mühafizə problemləri üzrə Əlaqələndirmə Şurası; Tibbi profilaktikanın təşkili və səhiyyənin inkişafı məsələləri üzrə Əlaqələndirmə Şurası.
Şura Dünya Səhiyyə Təşkilatı (DST), BMT-nin İİÇV/QİÇS üzrə Birgə Proqramı (UNAIDS), Dünya Səhiyyə Assambleyası və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) ilə əlaqə saxlayır.