İQTİSADİYYAT
Aşqabadda dayanıqlı nəqliyyat sisteminə həsr olunmuş qlobal konfrans keçirilir
Bakı, 27 noyabr, AZƏRTAC
Türkmənistanın paytaxtı Aşqabadda BMT-nin dəstəyi ilə “Dayanıqlı nəqliyyat sistemi qlobal konfransı” keçirilir. Tədbirdə BMT-nin baş katibi Pan Gi Mun, Əfqanıstan, Gürcüstan, Boliviya, Çernoqoriya, Avstriya dövlət başçıları və bir sıra beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Qlobal konfransda ölkəmizi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılığı ilə nümayəndə heyəti təmsil edir.
QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nəqliyyat sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə və inkişafına yönəlmiş konfrans çərçivəsində ölkələr arasında nəqliyyatla bağlı bir sıra aktual məsələlər müzakirə edilib və onların həll yolları araşdırılıb.
Konfransda çıxış edən Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və BMT-nin baş katibi Pan Gi Mun bildiriblər ki, tədbir digər regionlarla yanaşı, Xəzəryanı ölkələrin tranzit sahəsində əlaqələrinin genişləndirilməsinə də öz töhfəsini verəcək. Belə ki, həmin ölkələr Xəzər dənizi vasitəsilə Qara dənizə çıxış imkanlarını artıra bilərlər və bununla da ticarət dövriyyəsini artırmaq olar. Ölkələr arasında tranzit yükdaşımalar nəqliyyatın inkişafı ilə yanaşı, ikitərəfli əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsinə şərait yaradır.
Qlobal konfransda çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ölkəmizin müstəqillik illərində keçdiyi yoldan, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan problemlərə baxmayaraq, Azərbaycanın qazandığı iqtisadi uğurlardan və nəqliyyat sektorunun inkişafından söz açıb. Azərbaycan nümayəndə heyətinin rəhbəri ölkəmizdə nəqliyyat sahəsində görülən işlər, yaradılan müasir infrastruktur, yeni avtomobil və dəmir yolları, dəniz və hava limanları, azad ticarət zonaları barədə konfrans iştirakçılarına geniş məlumat verib. Bildirib ki, Azərbaycanın unikal coğrafi mövqeyi və həyata keçirilən layihələr onun iri tranzit mərkəzinə çevrilməsinə imkan yaradır. C.Qurbanov, eyni zamanda, ölkəmizdən keçən tranzit marşrutlardan söz açaraq, bu nəqliyyat dəhlizlərinin təhlükəsizlik və rəqabətə davamlılıq baxımından üstünlüklərini diqqətə çatdırıb.
Qlobal konfrans çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri bir sıra ikitərəfli görüşlər də keçirib. Hindistan hökumətinin yol-nəqliyyat magistralları və gəmiçilik üzrə dövlət naziri Pon Radhakrişnanla görüşdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialı və bu marşrutun inkişaf etdirilməsinə dair müzakirələr aparılıb.
Türkmənistan Baş nazirinin nəqliyyat və rabitə üzrə müavini Satlık Satlıkov, dəmir yolu naziri Bayram Annameredov, dəniz və çay nəqliyyatı xidmətinin rəisi Aman Qurdovla görüşdə ölkələrimizi birləşdirən nəqliyyat dəhlizinin perspektivləri, bərələrin operativ yüklənib boşaldılmasına dəstək verilməsi, Türkmənbaşı limanında dəniz dibinin dərinləşdirilməsi işlərinin aparılması və Ro-Ro tipli bərələrin marşruta buraxılması məsələləri diqqət mərkəzində olub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C.Qurbanov, həmçinin Türkmənistan Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovla da ikitərəfli görüş keçirib. Danışıqlarda iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi və genişləndirilməsi, nəqliyyat sahəsində əməkdaşlığın perspektivləri və tranzit imkanları barədə söhbət aparılıb. Bu sahədə Azərbaycanla Türkmənistan arasında əməkdaşlığın böyük perspektivi olduğu vurğulanıb.
Konfransda Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov da iştirak edir.