ELM VƏ TƏHSİL
Aşqarlar Kimyası İnstitutu YAP Ərazi partiya təşkilatının hesabat konfransı keçirilib
Bakı, 17 noyabr, AZƏRTAC
Noyabrın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Ərazi partiya təşkilatının hesabat konfransı keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tədbir iştirakçıları əvvəlcə partiyanın qurucusu ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İclasda institutun baş direktoru akademik Vaqif Fərzəliyev YAP-ın keçdiyi yol, əldə olunan böyük nailiyyətlər haqqında məlumat verib. Bildirib ki, YAP dünənin, bu günün və sabahın partiyası olduğunu sübut edib. Azərbaycanın min bir əziyyətlə qazanılan müstəqilliyinin qorunub saxlanılması, ərazi bütövlüyünün bərpası Yeni Azərbaycan Partiyasının əsas hədəfi olub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, YAP ötən dövrdə ümumxalq birliyinin formalaşmasında siyasi qüvvə rolunu oynayıb: “Noyabrın 21-də iqtidar partiyanın yaranmasının 29-cu ildönümü tamam olacaq. İldönümünü qalib ölkənin iqtidar partiyası kimi qeyd edəcəyik və bunun xüsusi əhəmiyyəti var. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 30 illik işğala son qoydu. Artıq yeni reallıqlar yaranıb. Bu reallıqlardan çıxış edən YAP yeni strateji hədəflər müəyyənləşdirərək uğurla fəaliyyət göstərir”.
Bəxtiyar Nəbiyev yeni mərhələdə partiya üzvlərinin daha fəal olmasının, ölkəmizin parlaq gələcəyi naminə daha çox işlər görməyin zəruriliyini vurğulayıb.
Sonra AKİ-nin Ərazi partiya təşkilatının sədri dosent Vəli Kazımov ötən dövr ərzində yerinə yetirilmiş ictimai fəaliyyət haqqında hesabat məruzəsi ilə çıxış edib.
Məruzə ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrdən sonra hesabat yekdilliklə qəbul olunub.
Daha sonra AKİ-nin Ərazi partiya təşkilatına sədr və sədr müavini vəzifələrinə səsvermə keçirilib. Səsvermənin nəticələrinə görə Vəli Kazımov yenidən təşkilatın sədri, Səbiyə Osmanova isə sədrin müavini vəzifələrinə seçilib.