Aşqarlar Kimyası İnstitutunda keçiriləcək müsabiqələr Ulu Öndərin 100 illiyinə həsr ediləcək
AzerTAg.az

Bakı, 13 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planının icrası ilə əlaqədar Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Bu barədə AZƏRTAC-a institutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev məlumat verib. Onun sözlərinə görə, bu ilin may ayında “Heydər Əliyevin neft emalı və neft sənayesinin inkişafında rolu” mövzusunda elmi-praktik konfrans keçiriləcək: “Eyni zamanda, gənc alim və mütəxəssislər arasında təşkil etdiyimiz “Ən yaxşı elmi məruzə”, “Ən yaxşı elmi məqalə” mükafat müsabiqələrini Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edəcəyik”.
Ə.Sucayev qeyd edib ki, “Heydər Əliyev İli” çərçivəsində bu ilin aprel ayında Bakı şəhərinin əməkdaşlıq etdiyimiz məktəblərində şagirdlər üçün “Kimyanı məntiqlə düşün” bilik yarışının təşkili və əyləncəli təcrübələrin nümayişi, bütün ilboyu isə institutda məktəblilər üçün “Açıq qapı” günlərinin təşkil edilməsi planlaşdırılıb.
O bildirib ki, institutun aparıcı alimlərinin mətbuatda “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda müsahibə və müəllif məqalələrinin hazırlanması, çap edilməsi keçiriləcək əsas tədbirlərdən olacaq.
Xəbərin mətnində orfoqrafik səhv var