ELM VƏ TƏHSİL
Aşqarlar Kimyası İnstitutunun əməkdaşlarının əsəri nüfuzlu xarici jurnalda yer alıb
Bakı, 16 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu əməkdaşlarının “Thomson Reuters” beynəlxalq bazasında referatlaşdırılmış xarici jurnalda növbəti məqaləsi yer alıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, məqalə benzoksotion və 2-aminotiazolların aminometil və alkoksimetil törəmələrinin sintezinə və onların bioloji fəallığının tədqiqinə həsr edilib.
Aşqarlar Kimyası İnstitutunun əməkdaşları 2015-ci ildən İtaliyanın Florensiya Universiteti, Türkiyənin Atatürk Universiteti və Səudiyyə Ərəbistanının Kral Səud Universitetinin əməkdaşları ilə birgə tədqiqatlar aparırlar. İndiyədək sintez etdikləri 50-dən çox yeni maddənin ilk dəfə canlı orqanizmdə fərqli metodlarla antioksidant, karbon anhidraz (CA) I, II izoenzimlər üzrə inhibitor, metal xelatlaşdırıcı təsirləri tədqiq edilib. Məlum olub ki, onlar yüksək fizioloji fəallığa malik hüceyrə və toxuma səviyyəsində baş verən bədxassəli şişlər, qıcolma, ağılzəifliyi, tənəffüs yolları və mədə-bağırsaq traktının kəskin iltihabı və başqa xəstəliklərə səbəb olan patoloji proseslərin qarşısını alır, bloklaşdırıcı xassə göstərirlər. Bəzi nümunələr indiyədək standart birləşmələr kimi tətbiq olunan a-tokoferol, troloks və sairdən on dəfə yüksək təsirə malikdir. Bu günədək müştərək tədqiqatların nəticəsi kimi bir monoqrafiya, yeddi məqalə dərc olunub.