CƏMİYYƏT
“Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Sentyabrın 18-də Azərbaycan Mətbuat Şurasının və “SOCAR-AQŞ” MMC-nin “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı keçirdikləri yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə “SOCAR-AQŞ” MMC-nin fəaliyyətinə dair videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən “SOCAR-AQŞ” MMC-nin baş direktoru Ramin İsayev şirkətin gördüyü işlərdən danışıb. Bildirib ki, qazma tarixində bir sıra uğurlara və yeniliklərə imza atan şirkətin əsas missiyalarından biri Azərbaycanın hüdudlarından kənarda da ölkəmizi təmsil etməkdir.
Şirkətin mətbuat xidmətinin rəhbəri Sənubər Nəzərova yazı müsabiqəsi barədə ətraflı məlumat verib.
“İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurasının idarə heyətinin üzvü Vüqar Rəhimzadə “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyəti barədə danışıb. O, bu günün təkcə neftçilər üçün deyil, bütün vətəndaşlarımız üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Sonra qaliblər mükafatlandırılıb.
Qaliblər arasında AZƏRTAC-ın əməkdaşları da var.
Daha sonra tələbə təqaüdləri təqdim edilib.
Tədbir bədii hissə ilə davam edib.