İDMAN
“Associated Press”: Çin 2021-ci il klublararası dünya çempionatının keçirilməsinə yeganə namizəd olacaq
Bakı, 21 oktyabr, AZƏRTAC
Çin 2021-ci il klublararası dünya çempionatının keçirilməsinə yeganə namizəd olacaq. Ölkənin bununla bağlı müraciətinə Şanxayda, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Şurasının iclasında baxılacaq. Bu barədə “Associated Press” öz mənbələrinə istinadla bildirir.
AZƏRTAC xəbər verir ki, futbol üzrə klublararası dünya çempionatı öz konfederasiyasında güclü qitə klubu turnirini qazanmış 6 konfederasiyanın güclü klubları arasında aparılan yarışdır. 2000-ci ildə əsası qoyulan turnir 2005-ci ildən hər ilin dekabrında keçirilir. Ötən il turnir Birləşmiş Ərəb Əmirliklərində təşkil olunub, finalda Madridin “Real” komandası “Əl-Ayn”ı 4:1 hesabla məğlub edib.
2019-cu və 2020-ci illərdə Qətərdə keçiriləcək turnirdə hazırda 7 klub iştirak edir. FIFA mart ayında turnirin yenidən qurulması barədə qərar qəbul edib. 2021-ci ildən başlayaraq iştirakçı komandaların sayı 24-ə çatacaq.