CÜMHURİYYƏT - 100


Astanada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı rəsmi qəbul keçirilib VİDEO

Astana, 11 may, АZƏRTAC

Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, bayram tədbirində Qazaxıstanın energetika naziri Kanat Bozumbayev, Qazaxıstan parlamentinin üzvləri, hökumət nümayəndələri, xarici ölkələrin səfirləri, hərbi attaşelər, elm, mədəniyyət xadimləri, jurnalistlər və digər qonaqlar iştirak ediblər.

Tədbirdə əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və fəaliyyəti haqqında məlumat verərək bildirib ki, Cümhuriyyətin yaradılmasının 100-cü ildönümü ilə əlaqədar nəinki ölkəmizdə, xaricdə də silsilə tədbirlər keçirilir.

Səfir qeyd edib ki, təxminən 23 ay yaşamasına baxmayaraq, 28 may tarixi Azərbaycan xalqının dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılıb. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik ənənələrində şanlı bir səhifə olmaqla yanaşı, onun demokratik ənənələrə sadiqliyinin, azadlıq ruhunun, insanların və millətlərin haqq və hüquqlarına hörmət və ehtiramının təntənəsi olub.

Diplomat ümummilli lider Heydər Əliyevin üçrəngli bayrağımızı yenidən ucaldaraq Xalq Cümhuriyyətinin ənənələrinin yaşadılması istiqamətində mühüm addım atdığını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti zamanında əsası qoyulan müstəqillik, dövlətçilik ənənələri Ümummilli Liderin dərin zəkası, uzaqgörən siyasəti sayəsində davam etdirilib və XX əsrin sonlarında ölkəmiz beynəlxalq aləmdə müstəqil, suveren dövlət kimi təşəkkül tapıb.

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsinə dair Sərəncamını xatırladan səfir bu sənədin dövlətçilik ənənələrimizə, tariximizə, milli kimliyimizə diqqətin bariz nümunəsi olduğunu bildirib. Səfir, eyni zamanda, vurğulayıb ki, Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin indiki səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin müstəsna xidmətləri olub. Bu münasibətlər hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən uğurla davam etdirilir. Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş danışaraq hələ də torpaqlarımızın 20 faizinin işğal altında olduğunu diqqətə çatdırıb.

Qazaxıstanın energetika naziri Kanat Bozumbayev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycan xalqını təbrik edərək ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildirib. Nazir keçən əsr Azərbaycan xalqının çox çətinliklərdən keçdiyini və bu gün əzmli əməyi nəticəsində böyük nailiyyətlər əldə etdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan əmin-amanlıq, sabitlik simvoluna çevrilib, sülh və azadlıq yolunda gedən ölkələr sırasında böyük nüfuz qazanıb. Diplomatik münasibətlərin 25 illiyini qeyd edən ölkələrimiz əsrlərdən qalan tarixi bağlarımızı möhkəmlətməklə yanaşı, müasir dövrdə də qarşılıqlı əməkdaşlıq münasibətləri qurur. Kanat Bozumbayev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də faydalı əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Tədbirin rəsmi hissəsindən sonra qonaqların şərəfinə ziyafət verilib. Azərbaycanın zəngin mətbəxi və ölkəmizdə istehsal olunan məhsullar qonaqlara təqdim edilib.

Rəsmi qəbul konsert proqramı ilə davam etdirilib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.