İQTİSADİYYAT
Astanada SPE-nin Xəzər Texniki Konfransı və sərgisi keçirilib
Bakı, 7 noyabr, AZƏRTAC
Astanada SPE-nin (Neft-Qaz Sənayesi Mühəndisləri Cəmiyyətinin) “Çağırışlar, dəyişikliklər və imkanlar” mövzusunda üçüncü Xəzər Texniki konfransı və sərgisi başa çatıb. Sərgidə neft-qaz sənayesini təmsil edən 400 nəfər peşəkar işçi və tələbələr iştirak edib.
Konfransın spikerləri qismində hökumətlərin, operator-şirkətlərin, konsaltinq firmalarının, energetika sahəsində tədqiqat şirkətlərinin (KazMunaiGas, KAZENERGY, ТОО “PSA”, World Petroleum Council, ExxonMobil Kazakhstan Inc. və s.) yüksəkvəzifəli nümayəndələri cəlb edilib.
Konfransın proqramına daxil olan on iki texniki sessiyanın ortaq mövzusu neftin qiymətlərinin enib-qalxdığı indiki şəraitdə Xəzər regionunda ən mütərəqqi vasitələrin, texnologiya və metodikaların necə tətbiq edilməsi sualına cavab axtarmaqdan ibarət idi. Texniki proqramda 36 ümumi məruzə və 6 poster təqdim edilib.
TCO, NCOC, KPO, KMG, Meridian Petroleum, KAZNIPI, Eni, PSA, Shell, Schlumberger, Total və GE şirkətlərinin nümayəndələri ilə yüksək səviyyədə tematik panel debatları aparılıb.
ExxonMobil Kazakhstan Inc. şirkətinin idarəçi direktoru Şeril Homez-Smit biznesin yenidən təşkilinə həsr edilmiş əsas panel sessiyanın işinə yekun vuraraq qeyd edib ki, neftin qiyməti ilə bağlı yaranmış vəziyyət neft-qaz sənayesində aparılan əməliyyatlara zəruri dəyişikliklər edilməsinə əlavə impuls verib və əlavə dəyər yaradılması məsələsini ön plana çəkib. Qazaxıstanda və Xəzər regionunda neft-qaz sənayesi gələcək barədə də fikirləşməlidir, çünki o, getdikcə azalmaqda olan kapitaldan istifadə etmək imkanı uğrunda başqa ölkələr, regionlar və sənaye sektorları ilə rəqabət aparır.
SPE-nin növbəti Xəzər Texniki konfransı və sərgisi 2017-ci ilin noyabr ayında Bakıda keçiriləcək.
Neft-Qaz Sənayesi Mühəndisləri Cəmiyyəti (SPE) enerji ehtiyatlarının işlənməsi və hasilatı sahəsi işçilərinin qeyri-kommersiya peşəkar assosiasiyasıdır. SPE dünyanın 144 ölkəsindən 168 mindən çox üzvü birləşdirir. Neft-qaz kəşfiyyatı və hasilatı sahəsində texniki informasiyanın tanınmış mənbəyi olan SPE öz xidmətlərini müvafiq nəşrlər, konfranslar, texniki seminarlar, forumlar və www.spe.org veb-saytı vasitəsilə təqdim edir.