CƏMİYYƏT
Astanada əlillərin sosial müdafiəsi sisteminin təkmilləşdirilməsi məsələləri müzakirə olundu VİDEO
Qazaxıstanın paytaxtı Astana şəhərində MDB iştirakçısı olan dövlətlərin Əmək, Miqrasiya və Əhalinin Sosial Müdafiəsi üzrə 27-ci Müşahidə Şurasının iclası keçirilir.
İclasa Azərbaycanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, MDB üzvü olan ölkələrin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin sədri Arif Rəhimzadə təmsil edib.
İclasda əlillərin sosial müdafiəsi, tibbi sosial ekspertiza və əlillərin reabilitasiyası sisteminin təkmilləşdirilməsi, MDB ölkələrində əlillərin hüquqları haqqında konvensiyaya qoşulan ölkələrin qanunvericilik bazasının təkmilləşdirilməsi, ünvanlı sosial yardım və digər məsələlər müzakirə edilib.
Natiq Məmmədov çıxışında qeyd edib ki, Azərbaycanda əlillərin sosial müdafiəsinin təmin edilməsi, həmçinin reabilitasiyası sahəsində islahatlar aparılır. Hüquqi normativ bazanın təkmilləşdirilməsi sahəsində işlər görülür.
Nazir müavini, eyni zamanda, vətəndaş məmur münasibətlərinin minimuma endirilməsi, xoşagəlməz halların aradan qaldırılması məqsədilə vahid elektron sistemə keçilməsindən danışıb. Əlillərin cəmiyyətə inteqrasiyası sahəsində Azərbaycanda çox böyük işlər aparıldığını diqqətə çatdırıb.
N.Məmmədov bildirib ki, əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, cəmiyyətdə sərbəst hərəkət etmələri üçün müəyyən işlər aparılır. Əlillərin cəmiyyətə inteqrasiyasında müyəssərliyin təmin edilməsi üçün müxtəlif nazirliklər tərəfindən layihələr həyata keçirilir. Azərbaycan MDB ölkələri arasında bu sahələrdə ən irəlidə olan ölkədir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana