SİYASƏT


Astanada keçirilən beynəlxalq forumun bir paneli Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilib

Astana, 18 iyun, АZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyəti türk dünyasının dövlətçilik və milli ideoloji fikir tarixində çox önəmli rol oynayıb. Ona görə də Qazaxıstanda təşkil olunan III Humanitar Forumda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin də qeyd olunması əhəmiyyətli hadisədir. Bu barədə Forumun açılış mərasimində Qazaxıstanın dövlət katibi Gülşara Abdıkalıkova bildirib.

AZƏRTAC xəbər verir ki, beynəlxalq forumda Astananın Qazaxıstanın paytaxtı elan olunmasının 20-ci ildönümünə həsr edilmiş "Sivilizasiyaların harmoniyası və şəhər mədəniyyəti", türk dünyasının böyük şəxsiyyətləri Mağjan Jumabayevin 125, və Çingiz Aytmatovun 90 illik yubileyləri münasibətilə "Türk ədəbi əlaqələri: Ənənə və müasirlik", böyük türkoloq V.Radlovun vəfatının 100, tanınmış elm xadimi V.Tomsenin türk yazısını oxumasının 125 illiyinə həsr olunmuş "Türkologiyanın yeni imkanları" və "Böyük Çölün mənəvi oyanışı", "İnteqrasiyanın elmi aspektləri: istiqamətləri və gələcəyi", habelə "Türk dövlətçilik ənənələrinin xüsusiyyətləri" adlı altı paneldə türk dünyasında elmin inkişafı, Avrasiya bölgəsində elmi inteqrasiya, şəhər mədəniyyəti, türkologiya, türk ədəbiyyatında ənənə və müasirlik, türk dövlətçilik ənənəsinin xüsusiyyətləri kimi məsələlər diqqət mərkəzində olub.

Beynəlxalq forumda Azərbaycan, Almaniya, Çin, Qırğızıstan, Monqolustan, Moldova, Özbəkistan, Polşa, Rusiya, Tacikistan, Türkiyə və digər ölkələrdən təxminən 250 alim, tədqiqatçı və mütəxəssis 6 fərqli paneldə aktual mövzularda məruzələr edib və fikir mübadiləsi aparıblar.

Üçüncü Beynəlxalq Humanitar Forumun "Türk dövlətçilik ənənələrinin xüsusiyyətləri" adlı paneli bütövlükdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib. Bu bölmədə məruzəçilər Cümhuriyyətin türk dövlətçilik tarixində və milli azadlıq ideyalarının formalaşmasında oynadığı rol barədə müzakirələr aparıblar.

Forumun açılış mərasimində bu barədə məlumat verən Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli bildirib ki, əsas məqsəd tarixdə silinməz iz buraxan bu hadisələr və şəxsiyyətlərin irsini bütün dünyaya təqdim etməkdir.

Qazaxıstanın dövlət katibi Gülşara Abdıkalıkova isə Azərbaycan Xalq Cümhuriyyətinin türk dünyasının dövlətçilik ənənələrində özünəməxsus yerini qeyd edib. “Azərbaycan Xalq Cümhuriyyəti türk dünyasının dövlətçilik və milli ideoloji fikir tarixində çox önəmli rol oynayıb. Bu məqsədlə Qazaxıstanda təşkil olunan forumda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin də qeyd olunması əhəmiyyətli hadisədir. Biz tariximizdə silinməz iz qoyan bu cür əhəmiyyətli hadisələr və böyük şəxsiyyətləri beynəlxalq əhəmiyyətli forumda xatırlamaqla onların gələcək nəsillərə çatdırılmasını təmin edirik”, - deyə o bildirib.

Professor Aygün Əttar Azərbaycan Xalq Cümhuriyyətinin yubiley tədbirlərinin beynəlxalq səviyyədə, o cümlədən Qazaxıstanda da qeyd olunmasından məmnunluğunu bildirib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının keçmiş baş katibi Xəlil Akıncı Azərbaycanın tarix boyunca təkcə Qafqazda deyil, Anadoluda və Mərkəzi Asiyada da milli dövlətçilik ideologiyasının və milli düşüncənin formalaşmasında vacib rol oynadığına diqqət çəkib.

Azərbaycan da daxil olmaqla dünyanın 20-dək ölkəsindən 150 nüfuzlu alim, tədqiqatçı və ictimai xadimlərin qatıldığı forumda aktual mövzularda müzakirələr aparılıb. Dörd ölkə tərəfindən Beynəlxalq Türk Akademiyası nəzdində Altaistika, Türkologiya və Monqolistika Mərkəzinin yaradılması barədə sənəd imzalanıb, türkologiyanın inkişafındakı xidmətlərinə görə bir neçə nüfuzlu alimə akademiyanın qızıl medalı təqdim edilib.

Qeyd edək ki, forumun işində Qazaxıstan rəsmiləri ilə yanaşı, UNESCO, ISESCO, İqtisadi Əməkdaşlıq Təşkilatının Elm Fondu, Türk Şurası və TÜRKPA kimi beynəlxalq təşkilatların rəhbərləri və səlahiyyətli nümayəndələri də iştirak ediblər.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.