REGİONLAR
Astara Uşaq Musiqi Məktəbinin şagirdi pianoçuların III Beynəlxalq Moskva müsabiqəsində uğurla çıxış edib
Astara, 18 fevral, Bağır Əliyev, AZƏRTAC
Astara Uşaq Musiqi Məktəbinin VI sinif şagirdi Aysu Mustafazadə pianoçuların III Beynəlxalq Moskva müsabiqəsində uğurla çıxış edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqənin birinci mərhələsi dünyanın 8 şəhərində - Moskva, Sankt-Peterburq, Seul, London, İmola, Pxenyan, Pekin və Tokio da keçirilib. Bu mərhələdə dünyanın 16 ölkəsini təmsil edən 67 ifaçıdan 50 nəfərinə növbəti mərhələdə iştirak etmək hüququ verilib.
Beynəlxalq müsabiqənin birinci mərhələsində hər bir ifaçı 15 dəqiqəlik videoyazısını təşkilat komitəsinə təqdim edib. Aysu Mustafazadə müsabiqənin birinci mərhələsində İ.S.Bax, M.Moşkovski, F.Mendelson və T.Quliyevin əsərlərini ifa edib.
Münsiflər heyəti astaralı gənc pianoçunun ifalarını yüksək dəyərləndirib. A.Mustafazadə ikinci mərhələdə iştirak etmək hüququ qazanaraq Moskva şəhərinə dəvət alıb.
A.Mustafazadə Moskvada K.Çerni, V.Motsart, İ.Vıqodski, K.Debüsi və M.Mizəyevin əsərlərindən ibarət 20 dəqiqəlik proqramla çıxış edib. Onun çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Hazırda istedadlı pianoçu Aybəniz Dadaşovanın rəhbərliyi ilə növbəti müsabiqəyə hazırlaşır.