CƏMİYYƏT
Astara rayon sakini narkotik maddə satarkən yaxalanıb
Bakı, 5 dekabr, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini K.Əlizadə heroin satarkən saxlanılıb. Axtarış zamanı ondan 0,228 qram heroin götürülüb.
Narkotik vasitəni ona satmış həmyerlisi N.İmaməliyev də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb, ondan 0,240 qram heroin götürülüb.
Davam etdirilən tədbirlərlə N.İmaməliyevin narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən olunub. Əməliyyat-axtarış tədbirləri ilə şəhər sakini, əvvəllər məhkum olunmuş V.Malikov da yaxalanıb. Axtarış zamanı ondan 0,327 qram heroin, yaşadığı evdən isə 910 qram civə aşkar edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.