REGİONLAR
Astarada balıqçı vətəgələrinə qənim kəsilən şəxslər saxlanılıblar
Astara, 7 noyabr, Bağır Əliyev, AZƏRTAC
Astara rayon sakini B.Əliyev Rayon Polis Şöbəsinə müraciət edərək, Qamışlı kəndində yerləşən ona məxsus vətəgədən gecə saatlarında balıq ovu üçün nəzərdə tutulmuş, ümumilikdə, 2000 manat dəyəri olan torların oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla onların Astara rayon sakinləri Bəhruz Səmədov, Şəhram Bəşirov və Suad Rasimzadə olduqları müəyyən edilib. Onların ətrafında aparılan əməliyyat tədbirləri ilə həmin şəxslərin Qamışlı kənd sakini olan daha bir nəfərin 350 manat dəyərində balıq torlarını oğurladıqları məlum olub.
Oğurlanmış balıq torları onlardan aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.