REGİONLAR
Astarada koronavirusla mübarizə tədbirləri fasiləsiz davam etdirilir
Astara, 28 mart, Bağır Əliyev, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə tam riayət etmək məqsədilə gücləndirilmiş iş rejimində çalışan Astara Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları və Mənzil Kommunal Tikinti Təsərrüfatı İctimai Birliyinin işçiləri koronavirusla mübarizə çərçivəsində tibbi-profilaktiki tədbirləri fasiləsiz davam etdirirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara şəhərinin prospekt, küçə və səkiləri, park və meydanları, çoxmənzilli yaşayış binalarının həyətləri, binaların girişləri, ümumtəhsil məktəblərinin, körpələr evi-uşaq bağçalarının, idarə, müəssisə və təşkilatların inzibati binaları, məscidlər, banklar və iaşə obyektləri vaxtaşarı olaraq xüsusi dərman preparatları ilə yuyularaq dezinfeksiya olunur. Eyni zamanda, şəhərin girişi, prospekt və küçələri xüsusi ayrılmış avtomaşınla yuyularaq dezinfeksiya edilir. Şəhər və kəndlərarası ictimai nəqliyyat vasitələri də gündəlik dezinfeksiya olunandan sonra xəttə buraxılır.
Şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri və bələdiyyələr tərəfindən sakinlərlə mütəmadi olaraq, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri, koronavirus xəstəliyinin simptomları və onun yayılmasının qarşısının alınması yollarına dair məlumatlandırma, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etmələri barədə təbliğat işləri aparılır.