REGİONLAR
Astarada mikroavtobusu yandıran şəxs saxlanılıb
Astara, 30 avqust, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunun Toradi kənd sakini N.Babayev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək gecə saatlarında ona məxsus “Ford” markalı 2 mikroavtobusun naməlum şəxs tərəfindən yandırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla cinayəti törədən şəxsin Astara rayonunun Hamuşam kənd sakini İsrafil Qasımov olduğu məlum olub.
İ.Qasımov bu əməli şəxsi münasibətlər zəminində törətdiyini etiraf edib və gecə saat 03 radələrində özü ilə gətirdiyi benzinlə N.Babayevə məxsus 99 DR 809 dövlət nömrə nişanlı “Ford” markalı mikroavtobusu yandırdığını bildirib.
Nəticədə həmin avtomaşın tamamilə yanıb, yanaşı dayanmış 99 DX 134 dövlət nömrə nişanlı “Ford” markalı digər mikroavtobusa isə yanğından qismən zərər dəyib. Bu mikroavtobus da N.Babayevə məxsusdur.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.