REGİONLAR
Astarada rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb
Astara, 28 avqust, Bağır Əliyev, AZƏRTAC
Avqustun 28-də Astara Rayon Mədəniyyət Mərkəzində Rayon Gənclər və İdman İdarəsi və Astara Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə bu ilin aprel-iyun aylarında onlayn qaydada yeniyetmə və gənclər arasında müxtəlif mövzularda təşkil olunmuş rəsm müsabiqələrinin qaliblərinə mükafatlar təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla keçirilən mükafatlandırma mərasimində çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Dövlət Rəsm Qalereyasının direktoru Naibə Mustafayeva, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Fəxri mədəniyyət işçisi Firudin Quliyev müsabiqənin qalibi olmuş yeniyetmə və gənc rəssamları təbrik edərək, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.
119 nəfər yeniyetmə və gəncin iştirak etdiyi onlayn müsabiqənin qaliblərinə Astara Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.