REGİONLAR
Astarada sənaye məhsullarının istehsalı artıb
Astara, 30 iyul, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunda sənayenin əsasını qida məhsulları, kərpic, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri təşkil edir.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin altı ayında 0,4 faiz artaraq 8759,1 min manat təşkil edib. Sənaye məhsulunun 7,7 faizi emal, 91,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,4 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 7,7 faiz olub. Ümumi istehsalın 83,5 faizi sənaye məhsulunun istehsalı, 16,5 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib. Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla, sənaye müəssisələrinin anbarlarında 336,3 min manatlıq hazır məhsul olub. Altı ayda emal sənayesində 676,7 min manatlıq məhsul istehsal olunub və əhaliyə sənaye xarakterli xidmətlər göstərilib.
İlin birinci yarısında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 8046,9 min manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Bu sahələrdə 4,0 faizlik artım qeydə alınıb.
Rayonda 109,9 milyon kilovat-saat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,2 faiz çox elektrik enerjisi istehsal olunub.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 2,4 dəfə artaraq 35,5 min manat təşkil edib.