REGİONLAR
Astarada sitrus və subtropik meyvə bağlarının ümumi sahəsi 4 min hektara çatdırılıb
Astara, 14 may, Bağır Əliyev, AZƏRTAC
Bu ilin birinci rübündə Astara rayonunda ümumi məhsul istehsalının və xidmətlərin həcmi 33 milyon manat təşkil edib. Bunun 12 faizi sənayenin, 26 faizi kənd təsərrüfatının, 11 faizi tikintinin, 48 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsinin, 2 faizi nəqliyyat və anbar təsərrüfatının, 1 faizi informasiya və rabitənin payına düşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər mayın 14-də Astarada keçirilən bu ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda səsləndirilib.
Hesabat məruzəsində qeyd olunub ki, ilin üç ayında rayonda 360 şagird yerlik Burzubənd kənd tam orta məktəbi üçün yeni binanın, Ərçivan qəsəbəsində çəltik dəyirmanının, Astara şəhərində 48 mənzilli yaşayış binasının tikintisi və uzunluğu 11,6 kilometr olan, 6 yaşayış məntəqəsini birləşdirən Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.
Bu dövrdə rayonun Şəmətük kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəb binasının tikintisi və Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi və kənd icmasının köməkliyi ilə Kijəbə qəsəbəsi ərazisində 150 ev təsərrüfatının suvarma suyuna olan tələbatını ödəmək məqsədilə su xəttinin çəkilişi başa çatdırılıb, Motalayataq kənd tibb məntəqəsi üçün yeni binanın tikintisinə start verilib.
Yaşayış üçün yararsız olan Astara şəhərinin Kələdəhnə yaşayış massivində keçmiş peşə məktəbinə məxsus yataqxana binalarında yaşayan sakinlərin müraciətləri nəzərə alınaraq, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həmin yataqxana binaları Mənzil Kommunal Tikinti Təsərrüfatı İstehsalat Birliyinin balansına verilib, orada təmir və bərpa işlərinə başlanılıb.
Bildirilib ki, bu ilin üç ayında rayonda aqrar sahənin inkişafına diqqət artırılıb. Əkin üçün şum işləri aparılıb, payızlıq və yazlıq bitkiləri əkilib. Bələdiyyə və meşə torpaqlarında sitrus, tut və fındıq əkininə yararlı torpaqlar müəyyənləşdirilərək əkinə cəlb edilib. Rayonda sitrus və subtropik meyvə bağlarının ümumi sahəsi 4 min hektara çatdırılıb.
Qeyd olunub ki, Astara Rayon Məşğulluq Mərkəzində 732 nəfər işaxtaran vətəndaş qeydiyyata alınıb. Onların 53 nəfəri qaz istismar sahəsində, 45 nəfəri elektrik şəbəkəsində, 20 nəfəri Astara Elektrik Stansiyasında, 20 nəfəri Fövqəladə Hallar Nazirliyinin müvafiq hərbi birləşmələrində, 345 nəfəri isə DOST İş Mərkəzi MMC-də işlə təmin olunub. Aztəminatlı ailələrdən olan işaxtaran və işsiz vətəndaşlardan 18 nəfəri özünüməşğulluq layihəsinə cəlb edilib.
Məruzə ətrafında müzakirələrdə çıxış edən Astara Rayon Aqrar İnkişaf Mərkəzinin direktor əvəzi Etibar Abbasov, rayon elektrik şəbəkəsinin rəisi Namiq Quliyev, 49 nömrəli yol istismarı MMC-nin direktoru Qurban Əliyev 2019-cu ilin birinci rübündə görülmüş işlərdən danışaraq, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev iştirak edib.