REGİONLAR
Astaralı gənclər beynəlxalq təşkilatlardan Ermənistana qarşı sərt sanksiyaların tətbiq olunmasını tələb ediblər
Astara, 8 iyul, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunda fəaliyyət göstərən "Gənclərin Sosial İnkişafına Dəstək" İctimai Birliyi iyulun 4-də Ermənistan silahlı birləşmələri tərəfindən Füzuli rayonunun Alıxanlı kəndinin iriçaplı silahlardan atəşə tutulması nəticəsində 1966-ci il təvəllüdlü Sahibə Allahverdiya və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi, Sərvinaz Quliyevanın ağır yaralanması ilə bağlı bəyanat qəbul edib.
İctimai Birliyin sədri Rövşən Bağırov tərəfindən imzalanmış sənəddə bildirilir ki, Azərbaycan gəncliyi Ermənistanın yürütdüyü işğalçılıq siyasətini və vaxtaşırı olaraq cəbhəyanı ərazilərdə yaşayan dinc əhaliyə qarşı törətdiyi vandalizmi pisləyir. Qeyd olunub ki, bu, Azərbaycana qarşı ermənilər tərəfindən törədilən ilk hadisə deyil. 1992-ci fevralın 26-da ermənilər beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Xocalı soyqırımını törətmiş, dinc əhaliyə, eləcə də uşaqlara, qadınlara, qocaları qətlə yetirmişlər. Erməni vəhşiliyi hələ də davam etməkdədir.
"Gənclərin Sosial İnkişafına Dəstək" İctimai Birliyi bəyan edir ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş tarixi Azərbaycan torpaqlarında qeyri-qanuni mövcudluğu və cəbhəyanı ərazilərdə yerləşən yaşayış məntəqələrini basqı altında saxlaması vəziyyəti daim gərginləşdirir. Biz Azərbaycan gəncliyi olaraq beynəlxalq qurumlardan bu hadisəyə düzgün hüquqi qiymət verilməsini və Ermənistana qarşı daha sərt sanksiyaların tətbiq olunmasını tələb edirik”, - deyə sənəddə bildirilir.