CƏMİYYƏT
Attraksionların təhlükəsiz istismarının təmin olunması məqsədilə nəzarət-yoxlama tədbirləri görülür

Bakı, 7 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Qazan, qaldırıcı və energetika qurğularında işlərin təhlükəsizlik görülməsində nəzarət müfəttişliyi attraksionlarda texniki nəzarətin təşkili və onun icra olunmasını həyata keçirir. Hər bir mexanikləşdirilmiş attraksion quraşdırılmazdan əvvəl onun yerləşəcəyi ərazi haqqında agentliyə məlumat verilməlidir. Həmçinin attraksionlar zavod istehsalı olmaqla, texniki pasportla təmin edilməlidir. Attraksionlar istifadə olunan müddətdə agentlik tərəfindən qeydiyyata alınmalı, texniki ekspertizadan keçirilməlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Agentliyinin Qazan, qaldırıcı və energetika qurğularında işlərin təhlükəsizlik görülməsində nəzarət müfəttişliyinin rəisi Sahil Mənsimov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, istifadə olunan attraksionlar Nazirlər Kabinetinin qərarına əsasən dövlət reyestrində qeydiyyata alınmalı və çıxarışla təmin edilməlidir. Attraksionları istismar edən hüquqi - fiziki şəxs onların təhlükəsizliyini təmin etmək məqsədilə savadlı olmalı, mühəndis - texniki işlərə cavabdehlik daşımalıdır. Attraksionların istismarı zamanı fərdi heyət, yəni attraksion operatorlarının bilikləri üç aydan bir yoxlanmalı, onlar müvafiq vəsiqə ilə təmin edilməlidirlər. Həmin attraksionların istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisələrin qarşısını almaq üçün operatorlar təlimatlandırılmalı və vəzifə borclarını bilməlidirlər.
S.Mənsimov, həmçinin vurğulayıb ki, qeyri-standart zavod istehsalı olmayan attraksionların istismarına icazə verilmir, ildə bir dəfə isə Ədliyyə Nazirliyindən alınmış çıxarış əsasında həmin qurğularda texniki müayinə aparılır.
Yay mövsümi ilə bağlı həmin parklarda texniki müayinələr aparılır, aşkarlanmış qüsurlar haqqında akt tərtib olunur. Həmin aktlarda əksini tapmış qüsurların icra olunması nəzarətə götürülür.
Hazırda Bakıdakı bulvarda olan attraksionların müayinələr zamanı istismar vəziyyətinin qənaətbəxş olduğu müəyyənləşdirilib.