İQTİSADİYYAT
“Auto FM” radiosu əsas yayıma başlamışdır VİDEO
Bakı, 9 yanvar (AZƏRTAC). Azərbaycanın radio məkanına yeni qədəm qoyan “Auto FM” (107.7 FM) əsas yayıma başlamışdır.
Yaxın günlərdə yeni radionun təqdimatı keçiriləcəkdir.
“Auto FM”in yaradılmasının məqsədi əhalini yollardakı vəziyyət barədə operativ şəkildə məlumatlandırmaq, vətəndaşları birbaşa Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin fəaliyyəti barədə maarifləndirmək, geniş əhali kütləsini sistemlərin işləmə mexanizmini ətraflı öyrənməyə sövq etmək, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM) olan məlumatları ictimaiyyətlə paylaşmaqdan ibarətdir. Radioda ənənəvi informativ və əyləncəli xarakter daşıyacaq proqramlar, müxtəlif janrlı musiqi nömrələri də yayımlanacaqdır.
Radionun direktoru Elnur Baimov AZƏRTAC-a bildirmişdir ki, bizim başqa radiolardan əsas fərqimiz NİİM-in kameraları vasitəsilə yollardakı vəziyyəti daim izləməyimiz və saatda bir neçə dəfə bu barədə məlumat verməyimizdədir. Radionun hədəfi ölkənin ən böyük FM dalğası olmaqdır. Buna görə də radioya peşəkarlardan ibarət komanda cəlb olunmuşdur. Gün ərzində efirdə ən son xəbərlər, müxtəlif əyləncəli, intellektual proqramlar təqdim ediləcəkdir.
“Auto FM” radiosuna dair 6 illik lisenziyanın verilməsi barədə qərar Milli Televiziya və Radio Şurasının 2013-cü il aprelin 2-də keçirilmiş iclasında qəbul edilmişdir.