SİYASƏT
Aviasiya Akademiyasının YAP-a yeni qəbul edilmiş əməkdaşlarına üzvlük vəsiqələri verilib
Bakı, 7 iyul, AZƏRTAC
İyulun 7-də Milli Aviasiya Akademiyasında Yeni Azərbaycan Partiyasına (YAP) yeni qəbul edilmiş əməkdaşlara üzvlük vəsiqələri təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Akademiyanın prorektoru professor Ədalət Səmədov YAP-ın yarandığı dövrə nəzər salıb, partiyanın keçdiyi tarixi inkişaf yolundan danışıb.
Akademiyanın prorektoru, professor, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının Milli Aviasiya Akademiyası üzrə ilk ərazi təşkilatının sədri Ənvər Həzərxanov qurumun bu təhsil ocağında gördüyü işlərdən danışıb. Bildirib ki, sədr təyin olunduğu üç ay müddətində partiya sıralarına 259 əməkdaş qəbul edilib.
YAP Siyasi Şurasının üzvü, partiyanın Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Rauf Əliyev və digərləri qeyd ediblər ki, Yeni Azərbaycan Partiyasının yaranması ilə respublikamızın ictimai-siyasi həyatında yeni tarixi mərhələnin əsası qoyulub. Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP özünü bütün mənalarda təsdiqləyərək, yeni tarixin yeni çalarlarını özündə birləşdirməyi bacarıb. Ümummilli Liderimizin layiqli siyasi varisi Prezident İlham Əliyevin möhkəm təməl üzərində qurulan YAP-a rəhbərliyi dövründə daha böyük əzmkarlıq və yaradıcılıq nümayiş etdirilib. Partiyanın sosial bazası əhəmiyyətli dərəcədə güclənib.
Sonra ərazi partiya təşkilatının işində göstərdikləri xüsusi fəallığa görə bir sıra əməkdaşlara Fəxri Fərmanlar təqdim olunub.