SİYASƏT
Aviqdor Liberman: Azərbaycanın yəhudi vətəndaşları bu torpaqda həmişə rahat yaşamışlar
Bakı, 3 may (AZƏRTAC). Bakıda rəsmi səfərdə olan İsrailin xarici işlər naziri Aviqdor Liberman İsrail və Azərbaycan arasında əməkdaşlığı yüksək qiymətləndirmişdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Yəhudi Xəbərlər Agentliyi (YXA) “Azərbaycan-İsrail əməkdaşlığının baza nöqtələri” sərlövhəli məqalədə yazır.
Məqalədə deyilir: Aviqdor Libermanın Azərbaycan Milli Məclisinin sədri Oktay Əsədovla görüşdə vurğulamışdır ki, Azərbaycan və İsrail arasında əmtəə dövriyyəsi 2014-cü ilin yekunlarına görə 1,3 milyard dolları ötmüşdür.
Azərbaycanın İsrailə ixracında əsas yeri neft, İsrailin Azərbaycana ixracında isə müdafiə kompleksinin məhsulları tutmuşdur. Azərbaycan-İsrail Ticarət Palatasının yaradılması əmtəə dövriyyəsinin genişlənməsinə kömək edəcəkdir.
Azərbaycan parlamentinin mətbuat xidmətindən YXA-ya demişlər: “Aviqdor Liberman və Oqtay Əsədov Knesset və Milli Məclis arasında əməkdaşlığın inkişafı məsələlərini də müzakirə etmişlər.
İsrail naziri və Milli Məclisin sədri məmnunluqla bildirmişlər ki, Azərbaycan-İsrail əməkdaşlığının qanunverici bazası genişlənir, hazırda imzalanmaq üçün 6 yeni saziş hazırlanır”.
Siyasi, iqtisadi və humanitar sahələrdə Azərbaycan və İsrail əməkdaşlığının dinamik inkişafının əsas məqamlarından biri Azərbaycan xalqının yüksək səviyyədə tolerant olmasıdır. Aviqdor Liberman Bakıda KİV nümayəndələri ilə görüşündə vurğulamışdır: “Azərbaycan unikal tolerantlıq nümunəsidir. Azərbaycan dünyanın praktiki olaraq antisemitizmin heç vaxt mövcud olmadığı az sayda ölkələrindən biridir”.
Azərbaycanın yəhudi vətəndaşları bu torpaqda həmişə rahat yaşamışlar. Azərbaycanın yəhudi icmaları Azərbaycan-İsrail münasibətlərinin inkişafına böyük töhfə verirlər.
İsrail XİN-in başçısı Azərbaycan-İsrail əməkdaşlığının energetika və kənd təsərrüfatı kimi perspektivli istiqamətlərini vurğulamışdır. O, Bakı və Tel-Əviv arasında aviareyslərin sayının tezliklə artacağını istisna etməmişdir.