REGİONLAR
Avqustda “Sumqayıt” ES-də 275,8 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib
Bakı, 30 sentyabr, AZƏRTAC
2016-cı ilin avqust ayında “Sumqayıt” Elektrik Stansiyasında (ES) 275,8 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Ötən 8 ayda isə stansiyada 2 milyard 171,3 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 244 min kilovat-saat çoxdur.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Sumqayıt” ES-in optimal iş rejimini saxlamaq üçün qrafik üzrə avadanlığa texniki xidmət göstərilib, o cümlədən cari ilin son üç ayı ərzində soyutma sisteminin ahəngdar işinin qorunması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilib və birinci pillə təmizləyici qurğu təmir edilib.
Hər birinin gücü 164 meqavat olan iki ədəd qaz turbini və gücü 189 meqavat olan bir ədəd buxar turbini quraşdırılmış bu stansiyada dünya standartlarına cavab verən ən müasir avadanlıq mövcuddur.