İDMAN
“Avro-2016”: İtaliya oyunun sonunda vurduğu qolla İsveçi məğlub edib VİDEO
Bakı, 17 iyun, AZƏRTAC
İyunun 17-də - futbol üzrə XV Avropa çempionatının səkkizinci gününün ilk oyununda “D” qrupunda yer alan İtaliya və İsveç komandaları üz-üzə gəlib.
AZƏRTAC xəbər verir ki, Tuluz şəhər stadionunda oynanılan qarşılaşmanı macarıstanlı referi Viktor Kassai idarə edib.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində hesab açılmayıb və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.
Matçın ikinci hissəsində də həm İsveç, həm də İtaliya milliləri bir neçə dəfə təhlükəli vəziyyət yaratsalar da hesab yalnız oyunun sonunda açılıb. Oyunun 88-ci dəqiqəsində Kyellinin ötürməsindən sonra sürətlə isveçlilərin cərimə meydançasına daxil olan Eder gözəl zərbə ilə hesabı açıb – 1:0. Bu qolla İtaliya səkkizdəbir finalda oynamaq hüququnu rəsmiləşdirib.
Qeyd edək ki, İtaliya ilk turda Belçika üzərində 2:0 hesabı ilə qalib gəlmişdi. İsveç isə İrlandiya ilə görüşdə heç-heçə etmişdi – 1:1.
Bu qrupun digər oyununda – iyunun 18-də Belçika və İrlandiya yığma komandaları üz-üzə gələcək.