İDMAN
“Avro-2020” könüllüləri üçün Şamaxıda təşkil olunan yay düşərgəsi başa çatıb
Bakı, 16 sentyabr, AZƏRTAC
Şamaxıda “Avro 2020”nin Bakı könüllülük proqramı çərçivəsində yay düşərgəsi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, düşərgənin təşkil olunmasında məqsəd könüllülər arasında əlaqənin möhkəmləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, əldə olunan uğurlar və gələcək tədbirlərin əhəmiyyəti barəsində dialoqların aparılması idi.
İki yüz könüllünün qatıldığı düşərgədə təşkilatçılar tərəfindən müxtəlif mövzularda təlimlər, seminarlar baş tutub, eyni zamanda, öz sahələrinin peşəkarları tərəfindən uğur hekayələri dinlənildi, idman və intellektual yarışlar keçirilib.
Könüllülərin yay düşərgəsinin ikinci günündə AFFA-nın baş katibi və “Avro 2020” İşçi Qrupunun meneceri Elxan Məmmədovun könüllülərlə görüşü olub. Şəbəkə oyunu əsasında qurulan görüşdə baş katib idarəetmə mövzusunda təlim təşkil edilib. Həmçinin könüllülərin fərdi olaraq idarəetmədə yanaşmaları dinlənilib, bunun iş və şəxsi həyatda tətbiqi haqqında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda könüllülərlə baş katib şəbəkə oyunu nəticəsində yaranmış hörümçək toru altında şəkil çəkdiriblər.
Düşərgə iştirakçıları xüsusi kriteriyalara əsasən seçiliblər. Burada məhz “Avro 2020” könüllülük proqramı üçün qeydiyyatdan keçən, eyni zamanda, UEFA Avropa Liqasının Bakıda keçirilmiş final oyununda çalışmış və finalın müsahibə mərhələsində daha yüksək qiymətləndirmə alan könüllülər iştirak hüququ qazanıblar.