İDMAN
“Avro-2020”nin könüllülük proqramında iştirak üçün 37 mindən çox müraciət ərizəsi qəbul edilib
Bakı, 21 fevral, AZƏRTAC
UEFA cari ildə keçiriləcək Avropa çempionatına hazırlıq işlərində iştirak üçün müraciət edən könüllülərin sayını açıqlayıb.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, turnirin könüllülük proqramında iştirak üçün qəbul edilən ərizələrin sayı qitə çempionatı tarixində ən yüksək göstərici olub. Müraciətlərin 88 faizi turnirə ev sahibliyi edən 12 ölkənin payına düşür.
Bununla bağlı UEFA-nın açıqlamasında bildirilib ki, “Avro-2020” qitə çempionatları tarixində ən rəngarəng yarış olacaq. Qitə çempionatının 60 illiyi münasibətilə Avropanın 12 şəhərində təşkil ediləcək bu yarışda minlərlə könüllü hazırlıq prosesində yer alacaq.
“Avro-2020” ilə əlaqədar könüllülərin seçim prosesi bu ilin yanvarında başa çatıb. Turnirə ev sahibliyi edəcək 12 ölkənin milli assosiasiyaları təbliğat işləri vasitəsilə qitə miqyasında məlumatlılığın artırılmasına kömək ediblər. Ev sahibi olan 12 şəhərdə könüllülük etmək üçün 159 ölkədən 37 mindən çox müraciət ərizəsi daxil olub.
Bu, Avropada keçirilən turnirlərin tarixində qəbul edilmiş ən yüksək ərizə sayıdır. Ərizələrin 88 faizi ev sahibi şəhərlərdə yaşayan şəxslər tərəfindən göndərilib. Onların 41 faizi qadındır. Müraciət edənlərin 60 faizdən çoxunun yaşı 25-dən aşağıdır.
“Bütün irimiqyaslı idman tədbirlərində zəngin könüllülük ənənəsi olub və Avropa çempionatı da bu baxımdan istisna deyil. Seçilmiş şəxslər bu yay həyatda bir dəfə yaşanılan təcrübə keçmək şansı əldə edəcəklər”, - deyə UEFA-nın tədbirlərin təşkili üzrə baş icraçı direktoru Martin Kallen bildirib.
Xatırladaq ki, Fransada keçirilmiş “Avro-2016”da könüllü olmaq üçün 22 min (36 faizi qadın) müraciət daxil olmuşdu.
“Avro-2020” üçün seçiləcək 12 min könüllü xüsusi vəzifələri haqqında daha çox məlumat alacaq. Martın əvvəlində xüsusi e-təlim istifadəyə veriləcək ki, burada onlayn modullar hazırlaşmağa kömək edəcək.
Bakıdakı oyunlarla əlaqədar 6797 nəfər könüllü olmaq üçün müraciət edib. Azərbaycan paytaxtı bu göstərici üzrə çempionata ev sahibliyi edəcək 12 şəhər arasında liderdir. Müraciət edənlərin 544-ü xarici vətəndaşlardır. Könüllü olmaq istəyənlərdən 6326 nəfəri artıq müsahibədə iştirak edib. Onların arasından 2020 nəfər “Avro-2020” üçün seçilib. Seçilən şəxslərin 48 faizi UEFA Avropa Liqasının ötən il Bakıda keçirilən final oyununda könüllülük təcrübəsi olanlardır.
Xatırladaq ki, futbol üzrə Avropa çempionatının 60 illik yubileyi münasibətilə qitə birinciliyinin oyunları 12 şəhərdə - Sankt-Peterburq, London, Münxen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək. A qrupu çərçivəsində Uels-İsveçrə (13 iyun), Türkiyə-Uels (17 iyun), İsveçrə-Türkiyə (21 iyun) qarşılaşmaları, eləcə də dörddəbir final mərhələsinin bir görüşü (4 iyul) Bakı Olimpiya Stadionunda oynanılacaq.