İQTİSADİYYAT
Avronest PA-nın komitə iclasında Azərbaycanın enerjidən səmərəli istifadə ilə bağlı təcrübəsi yüksək qiymətləndirilib
Tbilisi, 13 fevral, AZƏRTAC
Avronest PA-nın enerji komitəsinin iclasında Azərbaycanda enerjidən səmərəli istifadə, enerji effektivliyinin artırılması, alternativ enerji və səmt qazının havaya atılmasının azaldılması ilə bağlı həyata keçirdiyi islahatlar avropalı deputatların diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, komitənin iclasında Azərbaycan parlamentinin deputatı Muxtar Babayev “Avropa İttifaqı və Avropa Şərq Tərəfdaşlığı ölkələrində enerji səmərəliliyinin artırılması və enerjinin davamlılığı” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi Azərbaycanda enerji resurslarından, karbohidrogen ehtiyatlarından səmərəli istifadə ilə bağlı xüsusi dövlət proqramı hazırlandığını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan, eyni zamanda, səmt qazının havaya atılmasının azaldılması və alternativ enerji ilə bağlı xüsusi proqram hazırlayıb. Hazırda proqramın icrası və bu sahədə effektivliyin artırılması ilə bağlı mühüm işlər görülür.
Məruzə ətrafında çıxışlar zamanı avropalı deputatlar Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndiriblər. Ölkəmizin təcrübəsinin öyrənilməsinin vacibliyi vurğulanıb.
Muxtar Babayev AZƏRTAC-a bildirib ki, məruzə Avronest PA-nın iyun ayında keçiriləcək iclasında təsdiq olunacaq. Bundan sonra maraqlı tərəflər Azərbaycanın təcrübəsindən bəhrələnə biləcəklər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi