İQTİSADİYYAT
Avropa Bank Federasiyasının assosiativ üzvlərinin 48-ci iclası Bakıda keçiriləcək
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və icraçı direktor Yunus Abdulov Avropa Bank Federasiyasının (ABF) dəvəti ilə "Avropa Bank Federasiyasının assosiativ üzvlərinin 47-ci iclası"nda, həmçinin "Avropada Rəqəmsal Maliyyə - 2018" konfransında və "İnkişafın Maliyyələşdirilməsi" adlı Avropa Bankçılıq Sammitində iştirak ediblər.
ABA-dan AZƏRTAC-a bildiriblər ki, iclasda ABF-nin üzvləri bank və maliyyə sektoru barədə fikirlərini bölüşüb, Avropa İttifaqına üzv ölkələrin ümumi iqtisadi vəziyyəti və inkişaf perspektivləri, Avropada bankçılığın cari vəziyyəti, qarşıdakı layihələr, federasiyanın fəaliyyətindəki yeniliklər və gələcək planlar, eləcə də federasiyanın üzvlərlə birgə həyata keçirdiyi "Maliyyə Savadlılığı" layihəsi ilə əlaqədar məsələlər barədə geniş müzakirələr aparılıb.
ABA-nın icraçı direktoru Yunus Abdulov Azərbaycan iqtisadiyyatı, maliyyə-bank sektorunun cari vəziyyəti, qarşıdakı çağırışlar, bank və maliyyə sektorunda son dövrlər həyata keçirilən islahatlar barədə çıxış edərək iclas iştirakçılarını məlumatlandırıb.
İclasın sonunda ABF-nin 48-ci iclasının Bakıda keçirilməsi qərara alınıb.
"Avropada Rəqəmsal Maliyyə - 2018" konfransında rəqəmsal transformasiya, texnologiya və innovasiyalardan, əsas mövzusu inkişafın maliyyələşdirilməsi olan Avropa Bankçılıq Sammitində isə iqtisadiyyatın maliyyələşdirilməsində bankların rolu - biznes və ev təsərrüfatları, Avropanın iqtisadi durumu, maliyyə problemləri və imkanlardan bəhs edilib.
Qeyd edək ki, Avropa Bank Federasiyası Avropada bank sektorunun səsi olmaqla Avropanın 32 milli bank assosiasiyasını birləşdirir. Bu assosiasiyalar Avropada ümumilikdə 4500 Avropa bankını, 2.5 milyon bank əməkdaşını təmsil edir. ABA 2008-ci ilin fevral ayından ABF-nin assosiativ üzvüdür.