İDMAN


Avropa Cüdo Birliyi: Azərbaycan EYOF 2022-də qarışıq komanda yarışlarında möhtəşəm qələbə qazanıb

Bakı, 31 iyul, AZƏRTAC

Avropa Cüdo Birliyi (EJU) iyulun 30-u Slovakiyanın Banska Bıstritsa şəhərində keçirilən XVI Avropa Gənclərin Yay Olimpiya Festivalında cüdo üzrə qarışıq komanda yarışlarının nəticələri ilə bağlı məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalədə komanda yarışlarının maraqlı anlarla, idmançıların həyəcanlı və gərgin görüşləri ilə yadda qaldığı bildirilib. Qeyd edilib ki, yarışın finalında qızıl medal uğrunda mübarizədə Azərbaycan və Ukrayna cüdoçuları qarşılaşıb. İlk olaraq tatamiyə +81 kiloqram çəkidə Azərbaycan təmsilçisi Kənan Nəsibov və ukraynalı Fedir Yaroşenki çıxıblar. Yazıda Kənan Nəsibovun öz çəkisində əsas favorit kimi göründüyü vurğulanıb və onun “Ne Waza”da həyata keçirdiyi saxlama fəndi ilə qalib gələrək komandasına xal qazandırdığı bildirilib.

Bu il yeniyetmələr arasında Avropa çempionatının gümüş mükafatçısı olmuş Aydan Vəliyeva (52 kq) ilə Tatyana Limzayevanın qarşılaşması haqda yazan müəllif cüdoçumuzun ustalığından xüsusi bəhs edib: “O, istiqamət dəyişərək, “sasai tsuri komi ashi” fəndindən istifadə edib və görüşü vaxtından əvvəl qələbə ilə başa vurub. Bununla da A.Vəliyeva komandasına ikinci xalı qazandırıb”.

Komandamızın digər üzvü Nurlan Kərimlinin (66 kq) ukraynalı idmançı Nazar Viskovla görüşündən bəhs edən müəllif azərbaycanlı cüdoçunun rəqibindən güclü olduğunu qeyd edib: “Kərimli “o soto gari” fəndindən istifadə edərək “ippon”la qalib gəldi və bununla da hesab 3:0 oldu”.

EJU-nun məqaləsində bildirilir ki, EYOF-2022-nin 57 kiloqram çəki dərəcəsində çempionu Fidan Əlizadənin komanda yarışlarında çıxış etdiyi 63 kiloqram çəki kateqoriyasında görüşü gərgin keçib: “Hər iki idmançı son dəqiqəyə hesablarında bir “waza ari” və bir “şido” ilə daxil oldular. Amma sonda çempion öz sözünü dedi və F.Əlizadə fəndi yerinə yetirərək ikinci “waza ari” xalını əldə etdi və rəqibi üzərində qələbə qazandı. Sonuncu görüşün nəticəsinə görə Azərbaycan komandası maksimal hesabla 4-0 qalib gələrək turnirin “qalib komandası” tituluna sahibləndi”.

2013-cü ilin dünya çempionu və Azərbaycanın gənc oğlanlardan ibarət milli yığmasının baş məşqçisi Elxan Məmmədov EJU-nun saytına verdiyi müsahibəsində komandanın nəticəsinə görə çox şad olduğunu bildirib: “Komandamızın qalib gəlməsi bizə böyük sevinc yaşatdı. Onlar Azərbaycanda seçim mərhələsindən keçmiş güclü idmançılardır. Bəziləri üçün uzun müddətdən sonra ilk yarış idi. Buna baxmayaraq, bu turnirdə çox yaxşı çıxış etdilər. Vurğulamaq istərdim ki, bu turnir idmançıların karyerası üçün böyük əhəmiyyət kəsb edir, buna görə də EYOF təşkilatçılarına və EJU-ya təşəkkürümü bildirirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.