DÜNYA
Avropa İttifaqı Böyük Britaniyanın Brexit sazişini pozduğunu bildirir
Bakı, 1 oktyabr, AZƏRTAC
Avropa İttifaqı Böyük Britaniyaya Brexit barədə sazişi pozduğu barədə bildiriş göndərib və qanun pozuntusunu aradan qaldırmaq üçün rəsmi Londona bir ay vaxt verib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Avropa Komissiyasının saytında yerləşdirilib.
“Britaniyalı dostlarımıza qanun layihəsindəki daxili bazar barədə problemli hissələrin sentyabrın sonuna qədər çıxarılmasını təklif etdik. Bu qanun layihəsi mahiyyət etibarilə sazişin şərtlərinə ziddir”, - məlumatda belə deyilir.
Avropa Komissiyası qanunun bu şəkildə qəbul olunmasının İrlandiya/Şimali İrlandiya barədə protokola tam zidd olacağını qeyd edib. Vurğulanıb ki, vaxt dünən bitib və problemli hissələr qanundan çıxarılmayıb. Bu səbəbdən komissiya Böyük Britaniya hökumətinə rəsmi bildiriş göndərib və cavab üçün Londona bir ay vaxt verilib.
Bildiriş pozuntuların aradan qaldırılması üzrə prosedurda ilk addımdır. Bundan sonra Böyük Britaniya hökumətinin cavab üçün bir ay vaxtı var.