İQTİSADİYYAT


Avropa İttifaqı Enerji Sammitində Cənub Qaz Dəhlizinin əhəmiyyətindən danışılıb

Brüssel, 16 aprel, AZƏRTAC

Brüsseldə IV Avropa İttifaqı (Aİ) Enerji Sammiti keçirilib. Sammitdə Avropa Komissiyasının iqlim dəyişikliyi və enerji komissarı Miqel Ariyes Kanyete, Bolqarıstanın enerji nazirinin müavini Jeço Stankov, Avropa Parlamentinin Sənaye, Tədqiqatlar və Enerji Komitəsinin sədri Yerji Buzek çıxış ediblər.

M.A.Kanyete çıxışında daha təmiz və davamlı enerjiyə keçidin zəruri olduğunu, bununla belə Aİ qonşuluğunda baş verən geosiyasi qeyri-müəyyənliklərin bu prosesi sürətləndirməli olduğunu bildirib. Qeyd edilib ki, Aİ daxilində üzvi mənşəli yanacaq istehsalı və istehlakının azalması heç də həmin yanacağın idxalının azaldılması sürəti ilə eyni olmayacaq. Belə ki, 2016-cı ildə Aİ enerji istehlakının 72 faizini neft, qaz və kömür hesabına təmin edib. Həmin ildə istehlak olunan neftin 88 faizi, təbii qazın isə 40 faizi idxal hesabına ödənilib. İdxal olunan təbii qazın 42 faizi Rusiya, 34 faizi Norveç, 13 faizi mayeləşdirilmiş təbii qaz (LNG) formasında, 11 faizi Əlcəzair və Liviyadan təmin edilib.

Komissar bildirib ki, əgər orta və uzunmüddətli perspektivdə əsas hədəf Aİ-nin enerji istehlakını karbohidrogen resurslarının idxalından asılılığını azad etməkdirsə, qısamüddətli perspektiv üçün əsas məqsəd idxalın şaxələndirilmiş təchizatçılar tərəfindən təmin olunmasıdır. Bu xüsusda komissar vurğulayıb ki, Cənub Qaz Dəhlizi Aİ-nin şaxələndirmə səylərində vacib layihə rolunu oynayır. Onun sözlərinə görə artıq Şimal-Cənub (Polşanın Baltik dənizi sahillərindən LNG və sıxılmış təbii qazın (CNG) Qara və Egey dənizi ölkələrinə nəqlini nəzərdə tutur) və Şərq qaz dəhlizləri (Rusiya) fəaliyyət göstərir və hazırda Xəzər dənizi regionundan birbaşa Avropaya qazın gətirilməsi başlıca prioritet olaraq qalır. İlk qazın bu ilin yayında Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatması bu işə cəlb olunmuş hər kəsin uğurunun göstəricisi olacaq.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.