CƏMİYYƏT
Avropa İttifaqı və BMTİP Azərbaycanda sosial sahibkarlığın inkişafı üçün siyasət tövsiyələrini təqdim edib
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramı Azərbaycanda sosial sahibkarlığın inkişafına dəstək məqsədilə siyasət tövsiyələrini təqdim edib.
AZƏRTAC xəbər verir ki, tövsiyələrin təqdimatına, eyni zamanda, müzakirəsinə həsr olunan tədbir sosial sahibkarlar, innovasiya və akselerasiya laboratoriyaları, beynəlxalq təşkilatlar, dövlət rəsmiləri, potensial investorlar olmaqla, bir sıra tərəfləri bir araya gətirib.
Tədbir Aİ-nin maliyyələşdirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində həyata keçirilib.
Təqdim olunan siyasət tövsiyələri beynəlxalq təcrübənin öyrənilməsi və yerli kontekst təhlilini əhatə edən, həmçinin yerli sosial müəssisə nümayəndələrinin böyük töhfələrinin olduğu və təxminən bir il davam edən araşdırma və məsləhətləşmələrin nəticəsidir.
Tədbirdə BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Çaru Bist görülən işlərin “Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi İnkişaf Strategiyası” ilə uzlaşdığını deyib. O qeyd edib ki, strategiya sənədi məhz dayanıqlı və rəqabətədavamlı iqtisadiyyat prioriteti altında sosial sahibkarlıqdan istifadə mexanizmlərinin tətbiqini təşviq edir.
“Sosial sahibkarlığın inklüziv cəmiyyətdən tutmuş “yaşıl artım ölkəsi”nə kimi digər dörd prioritetlə əlaqələrini göstərir və bu sadalanlar ölkədə Dayanıqlı İnkişaf Məqsədlərinə xitab edir, onlara nail olmağa töhfə verir”, - deyə Ç.Bist vurğulayıb.
Yekun seminar innovasiya, tədqiqat və siyasət işlərində ixtisaslaşmış və təsir əsaslı ekosistemin qurulması sahəsində 15 ildən artıq təcrübəsi olan beynəlxalq ekspert Lana Lovaşiç tərəfindən aparılıb.
Ekspert Azərbaycanda sosial müəssisələrin dəstəklənməsi məqsədilə əlverişli mühitin yaradılması üçün əsas siyasət tövsiyələrini təqdim edib.
Bildirilib ki, siyasət tövsiyələri aşağıdakıları əhatə edir:
İnklüziv və müvafiq qaydada, sosial müəssisənin tərifini rəsmiləşdirmək; Sosial Müəssisə Sertifikatı yaratmaq; sosial müəssisələr və onların dəstəkçiləri üçün fiskal stimul yaratmaq; sosial müəssisələrə qrantlar vermək və digər maliyyələşdirənləri uzunmüddətli perspektivdə həvəsləndirmək; sosial sahibkarların potensialının artırılması üçün maliyyə vəsaiti təmin etmək; tədqiqat və maarifləndirmə işlərinin maliyyələşdirilməsini təmin etmək; və sosial müəssisələrdən dövlət satınalmalarını artırmaq.
Bununla yanaşı, hesabatda sosial müəssisələr və ekosistem iştirakçıları üçün şəbəkənin yaradılması; potensialın artırılması üzrə fəaliyyətlərin və mentorluğun genişləndirilməsi; sosial müəssisələr üçün vəsaitlərin səfərbər edilməsi; yerli sosial müəssisələr üzrə tədqiqatların və nümunələrin öyrənilməsinin asanlaşdırılması; maarifləndirmənin və ictimai məlumatlılığın artırılması kimi ekosistemin inkişafını dəstəkləmək üçün daha ümumi tədbirlər tövsiyə olunur.
Qeyd edək ki, bu komponent Aİ-nin maliyyələşdirdiyi və BMTİP-nin reallaşdırdığı “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi tərəfindən həyata keçirilib.
Layihə siyasətlərin formalaşdırılması, yerli inkişafa dəstək, sosial sahibkarlığın təşviqi sahələrində VCT-lərin iştirakının artırılması məqsədilə onların potensialının gücləndirilməsini hədəfləyir.