DÜNYA
Avropa İttifaqı və Şengen sazişi ölkələrinin sakinlərinin Finlandiyaya gəlməsinə məhdudiyyətlər ləğv edilir
Stokholm, 19 iyun, AZƏRTAC
Finlandiya hökuməti Avropa İttifaqı və Şengen sazişi məkanındakı ölkələrin sakinlərinin buraya gəlmələri ilə bağlı məhdudiyyətlərin ləğv edilməsini qərara alıb.
AZƏRTAC xəbər verir ki, iyunun 21-dən etibarən Avropa İttifaqı və Şengen sazişi ölkələrindən COVID-19-a qarşı peyvənd olunmuş, habelə ən geci 6 ay səfərdən əvvəl koronavirus xəstəliyi keçirmiş şəxslərin Finlandiyaya gəlməsinə icazə veriləcək.
Finlandiya hökuməti sərhədlərdə məhdudiyyətləri aradan qaldırmaqla bərabər, daxili sərhəd nəzarətinin davam etdirilməsini və xarici sərhədyanı yerdəyişmələrlə bağlı bir sıra məhdudiyyətləri 2021-ci il iyulun 11-nə qədər qüvvədə saxlamağı qərara alıb. Bəzi sərhəd məntəqələrində iş saatlarına qoyulmuş məhdudiyyətlər də qüvvədə qalır.
Finlandiya Vatikandan, Avstraliya, Cənubi Koreya, İsrail, Sinqapur, Ruanda və Yeni Zelandiyadan bu ölkəyə gələnlər üçün əvvəl mövcud olan bəzi məhdudiyyətlərdən imtina edib. Finlandiya hökumətində belə hesab ediblər ki, həmin ölkələrdə COVID-19-a yoluxma səviyyəsi aşağı olduğuna görə oradan insanların gəlməsi təhlükə doğurmur.
Dünyanın bütün digər ölkələrindən Finlandiyaya gəlişlə bağlı məhdudiyyətlər 2021-ci il iyulun 11-dək uzadılacaq. Finlandiyada, Aİ-nin və Şengen sazişinin üzvü olan başqa ölkədə yaşayan əcnəbi vətəndaşların Finlandiyaya qayıtması üçün Finlandiya sərhəd məntəqələri açıq olacaq. Beləliklə, adları çəkilən kateqoriyalara aid olmayan ölkələrin sakinləri Finlandiyaya yalnız əsaslı səbəblər olduqda gələ biləcəklər.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm