İQTİSADİYYAT
Avropa İttifaqının Telişli ekomiqrant icmasında maliyyələşdirdiyi layihənin təqdimatı keçirilib
Bakı, 29 yanvar, AZƏRTAC
Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Telişli ekomiqrant icmasında bazar rəqabətli gəlir mənbələrinin formalaşması üçün kənd təsərrüfat təşəbbüsləri” layihəsinin nəticələri Aİ-nin Azərbaycandakı nümayəndəliyi və “Rüzgar” Ekoloji İctimai Birliyi tərəfindən yanvarın 29-da onlayn formatda media nümayəndələrinə təqdim edilib.
AZƏRTAC xəbər verir ki, layihə 2010-cu ildə Kür çayında baş vermiş daşqınlar nəticəsində evləri və təsərrüfatları yararsız hala düşmüş İmişli rayonunun Telişli ekomiqrant qəsəbəsinin sakinləri üçün yeni gəlir mənbələrinin formalaşdırılmasına və yerli icmanın rolunun artmasına yardım edib. Aİ layihəyə 500 min manatdan çox maliyyə dəstəyi verib.
Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Kəstutis Yankauskas çıxışında deyib: "Layihənin uğurlu nəticələri islahatlar proqramının həyata keçirilməsində, eyni zamanda, insanların rifahı naminə onların hüquq və imkanlarının genişləndirilməsində vətəndaş cəmiyyəti təşkilatlarının nə qədər vacib rol oynadığını bir daha sübut edir".
Görülən işlər barədə hesabat xarakterli təqdimatla çıxış edən “Rüzgar” Ekoloji Birliyinin sədri İslam Mustafayev bu layihəni 2018-2020-ci illərdə həyata keçirdiklərini vurğulayıb. O qeyd edib ki, layihə çərçivəsində 5 əsas fəaliyyət növü - suvarma sisteminin təkmilləşdirilməsi, tərəkəmə xalça istehsalı sexinin qurulması, yolüstü servis kooperativinin yaradılması, Hələb keçi fermasının tikilməsi və balıqçılığın inkişafı üçün göl təsərrüfatının yaradılması işləri həyata keçirilib.
Sonda Telişli kənd sakinlərinin fəaliyyətlərini və görülən işlər barədə təəssüratlarını əks etdirən videoçıxışlar təqdim edilib.
Qeyd edək ki, Avropa İttifaqı 2014-cü ildən Azərbaycanda vətəndaş cəmiyyətinə dəstək üçün 40 milyon manat vəsait ayırıb. Regional və kənd təsərrüfatının inkişafı Aİ ilə Azərbaycan arasında əməkdaşlığın prioritetlərindən biridir. Hazırda Avropa İttifaqı regionların inkişafı üçün 15 qrant layihəni maliyyələşdirir. Bu layihələr, eyni zamanda, peşə təhsilinin inkişafı, kiçik ailə təsərrüfatlarına yardım, mikrosahibkarlığın inkişafı, məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması, aqroturizm, gənc sahibkarların dəstəklənməsi, inklüziv təhsil və sair kimi sahələrdə həyata keçirilməkdədir.