ELM VƏ TƏHSİL


Avropa İttifaqının maliyyələşdirdiyi proqram çərçivəsində Azərbaycan İlahiyyat İnstitutu ilə əməkdaşlığa başlanılıb

Bakı, 8 dekabr, AZƏRTAC

Avropa İttifaqının maliyyələşdirdiyi proqram çərçivəsində Azərbaycan İlahiyyat İnstitutu ilə əməkdaşlığa başlanılıb.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı gender bərabərliyi naminə: gender stereotipləri və gender əsaslı zorakılığa qarşı” (EU4GE) regional proqramı çərçivəsində cəmiyyətdə gender stereotiplərinin aradan qaldırmasının təşviqi prosesində inancın rolunun təbliğinə həsr olunan layihə icra ediləcək. Layihə cəmiyyətdə mövcud olan gender stereotipləri və ayrı-seçkiliyin qarşısının alınmasına yönəlmiş fəaliyyətlərdə dini icma nümayəndələrinin iştirakını gücləndirmək üçün gender-transformativ bacarıqların artırılması məqsədi daşıyır.

“Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi tərəfindən icra ediləcək layihədə Azərbaycan mühitinə uyğun olaraq, məişət zorakılığının qarşısının alınması və onunla mübarizə yolları istiqamətində Azərbaycan İlahiyyat İnstitutu ilə əməkdaşlıq nəzərdə tutulur. Əməkdaşlıq çərçivəsində birgə mühazirə və seminarların təşkili, həmçinin təhsil müəssisəsinin elmi-pedaqoji heyətinin iştirakı ilə İslam dininin məişət zorakılığının qarşısının alınmasındakı roluna dair tədris materiallarının hazırlanması və bu mövzuya həsr olunmuş konfransın keçirilməsi planlaşdırılır.

Layihə çərçivəsində gender əsaslı zorakılığın qarşısının alınması və onunla mübarizə mövzusunda Azərbaycan İlahiyyat İnstitutunun 100-dək tələbəsi üçün təlim və infosessiyaların keçirilməsi nəzərdə tutulur.

Proqram regional səviyyədə Azərbaycan, Gürcüstan, Moldova, Belarus və Ukraynada icra olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.