İQTİSADİYYAT
Avropa Pul Viktorinasına qeydiyyat başlayıb

Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB), Azərbaycan Banklar Assosiasiyası (ABA) və Avropa Banklar Federasiyasının (ABF) birgə təşkilatçılığı ilə aprelin 7-də 13-15 yaşlı məktəblilər arasında “Avropa Pul Viktorinası”nın milli mərhələsinin seçim turu keçiriləcək.
ABA-dan AZƏRTAC-a bildirilib ki, “Avropa Pul Viktorinası” 28 Avropa ölkəsinin məktəbliləri arasında maliyyə savadlılığı üzrə keçirilən yarışdır. Viktorina iki əsas mərhələdən – milli və Avropa finalından ibarətdir. Milli final mərhələsində qalib gələn 2 nəfər Avropa finalında iştirak etmək hüququ qazanacaq. İstər milli, istərsə də Avropa finalının qaliblərini dəyərli hədiyyələr gözləyir. Həmçinin pandemiya ilə əlaqədar şərtlər uyğun olacağı təqdirdə Avropa finalında qalib gələn məktəblilərin 2022-ci ilin yayında Brüsselə səyahəti də planlaşdırılır. İştirak şərtləri: İştirakçı hazırda Azərbaycanda olan hər hansı bir ümumtəhsil müəssisəsində oxumalıdır; İştirakçı 13-15 yaş aralığında olmalıdır (iştirakçının təvəllüdü 11 may 2006-cı il və 14 sentyabr 2009-cu il aralığında olmalıdır).
Qeyd edək ki, mövcud epidemioloji şərait səbəbindən viktorinanın milli mərhələsinin bəzi turları və Avropa finalı onlayn platforma üzərindən təşkil ediləcək. Milli mərhələ bir neçə turdan ibarət olacaq. Bu şərtlər ilkin seçim turunu keçən iştirakçılara ətraflı izah ediləcək. Viktorinanın istər milli, istərsə də Avropa finalı üzrə sualları Azərbaycan dilində tərtib ediləcək. İlkin seçim turu üçün martın 30-u saat 18:00-dək qeydiyyatdan keçmək və müvafiq sualları cavablandırmaq lazımdır.