SİYASƏT


Avropa Şurasında Gürcüstanda ilk azərbaycanlı qadın deputat Pərixanım Sofiyeva xatırlanıb

Strasburq, 10 aprel, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) üzvlüyünün 20 ili tamam olan Gürcüstanın Baş naziri Mamuka Baxtadze qurumun yaz sessiyasında çıxış edərək ölkəsinin demokratik inkişafından, nailiyyətlərindən bəhs edib.

AZƏRTAC xəbər verir ki, Baş nazir M.Baxtadzenin AŞPA sessiyasında çıxışından sonra Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov ona sualla müraciət edib. Azərbaycanlı deputat Gürcüstanda müxtəlif xalqların möhkəm dostluq, anlaşma şəraitində yaşadığını qeyd edərək bunun tarixi köklərinin olduğunu, hələ 1918-ci ildə, ilk müstəqillik dönəmində bu ölkədə qadın deputatın təmsil olunduğunu, onun mənşəcə azərbaycanlı olduğunu xatırladıb.

“Müxtəlif etnik və dini qrupların təmsilçiləri əsrlər boyunca sülh və anlaşma şəraitində yaşadıqları Gürcüstanı doğma evləri adlandırırlar. Gürcüstanda müxtəlif xalqların belə bir səmimi mühitinin yaranması səbəbsiz deyil. Gürcüstan Avropa Şurası üzvü olan nadir ölkələrdəndir ki, hələ 1918-ci ildə bu ölkədə qadın deputat olub və həmin qadın Gürcüstan vətəndaşı olan azərbaycanlı Pərixanım Sofiyeva idi. Bu gözəl ənənənin bizim günlərdə də ölkə həyatında daha fəal iştirakının təmin edilməsi sahəsində Nazirlər Kabinetinin nə kimi düşüncələri var?”, - deyə Rafael Hüseynov soruşub.

Rafael Hüseynova sualına görə minnətdarlığını bildirən Baş nazir Mamuka Baxtadze bildirib ki, Gürcüstan hələ XX əsrin əvvəlində qurduğu demokratik respublika, ilk milli parlamenti, ilk Konstitusiyası ilə fəxr edir və həmin ali dəyərlərə həmişə sadiqdir. Bu gün də milli azlıqların ölkənin ictimai-siyasi həyatında, dövlət və hökumət şəbəkəsində daha artıq təmsil oluna bilməsi üçün ardıcıl iş aparılır. Bu yolda qarşıya çıxa biləcək bütün maneə və çətinlikləri dəf etmək üçün Gürcüstan hökumətinin qətiyyəti və iradəsi olduğunu bildirən Baş nazir Gürcüstanda vətəndaş cəmiyyətinin daha da mütəşəkkil olması və inkişafı üçün səyləri durmadan davam etdirəcəklərini bildirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.