İQTİSADİYYAT
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın energetika sektorunda sahibkarlığın dəstəklənməsi layihələrində maraqlıdır
Bakı, 25 noyabr, AZƏRTAC
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın energetika sektorunda sahibkarlığın dəstəklənməsi layihələrində maraqlıdır.
Energetika Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə energetika nazirinin müavini Gülməmməd Cavadov ilə Avropa Yenidənqurma və İnkişaf Bankının vitse-prezidenti Alain Pillouxun başçılıq etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə danışılıb. Görüşdə nazirlik ilə EBRD arasında əməkdaşlığın mövcud vəziyyəti, perspektivləri, eləcə də “Azərbaycan Respublikasında enerji üzrə müstəqil tənzimləyici orqanın təsis edilməsinə dəstək layihəsi”nin icrası ilə bağlı məsələlər müzakirə edilib.
Nazir müavini Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığın ölkəmizin enerji sahəsinə verdiyi töhfələri yüksək qiymətləndirib. O, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” üzrə əməkdaşlıq barədə EBRD ilə imzalanmış Niyyət Protokolundan danışaraq bildirib ki, bu sənəd ölkədə enerji üzrə müstəqil tənzimləyici orqanın yaradılmasına dəstəyi təmin edəcək. Dəstək layihəsi çərçivəsində “Müstəqil tənzimləyici orqan haqqında” qanun layihəsi işlənəcək və bu orqanın yaradılmasına texniki kömək göstəriləcək.
EBRD-nin vitse-prezidenti A.Pilloux isə Azərbaycan ilə bank arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edərək, bir sıra enerji layihələrində mövcud dəstəyin gələcəkdə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində davam etdirilməsinin mümkünlüyünü bildirib. O, energetika sektorunda sahibkarlığın dəstəklənməsi layihələrinə maraqlarını diqqətə çatdırıb. Bank rəsmisi müstəqil tənzimləyici orqanın yaradılması və qanunvericilik bazasının hazırlanmasında hər cür köməyi göstərməyə hazır olduqlarını bir daha qeyd edib.
O, eyni zamanda, bankın fəaliyyəti tarixində ən böyük əməkdaşlıq müqaviləsinin Trans-Anadolu (TANAP) qaz boru kəməri layihəsi çərçivəsində bağlandığını vurğulayaraq, layihənin uğurla reallaşması üçün səylərini əsirgəməyəcəklərini bildirib.
Görüşdə, həmçinin energetika sektorunda islahatların aparılması, enerji bazarının liberallaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, Azərbaycanın E5P Fondu (Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit Tərəfdaşlığı Fondu) ilə əməkdaşlığının perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.