İQTİSADİYYAT


“Avropa standartlarına çatmaq üçün Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” layihəsi çərçivəsində konfrans keçiriləcək

Bakı, 20 fevral, AZƏRTAC

Fevralın 22-də Bakıda, Hilton mehmanxanasında Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” layihəsi çərçivəsində konfrans keçiriləcək.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi ölkədə iqtisadi islahatların həyata keçirilməsi və monitorinqi prosesində tələb olunan daha keyfiyyətli statistik məlumatlarla istifadəçiləri təmin etmək üçün Statistika Komitəsinin potensialının gücləndirilməsidir. Buna nail olmaq üçün milli statistika sisteminin beynəlxalq və Aİ standartlarına tam uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir.

Konfransda Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, layihə üzrə Aİ-nin tərəfdaş ölkələrindən biri kimi Litva Statistika Departamentinin Baş direktoru xanım Vilija Lapeniene çıxış edəcək.

Sonra Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin təmsilçisi “Avropa İttifaqı daxilində və xaricində yüksək keyfiyyətli statistikanın istehsalı üçün Avropanın öhdəliyi”, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev “Azərbaycanın iqtisadi inkişafını dəstəkləmək üçün yüksək keyfiyyətli statistik məlumatlara artan ehtiyaclar”, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi direktorunun müşaviri Firdövsi Fikrətzadə “Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün yüksək keyfiyyətli statistikanın vacibliyi” mövzusunda çıxış edəcəklər. İkinci sessiyada layihə üzrə fəaliyyətlər və aralıq nəticələr təqdim olunacaq, “ICON” İnstitutunun Statistika şöbəsinin rəhbəri Ronald Delemont, layihənin qrup rəhbəri Rimantas Juozas Vaicenaviciusun çıxışları dinləniləcək.

Qeyd edək ki, 2020-ci ildə başa çatacaq bu layihə 4 komponenti əhatə edir. Bunlar “Makroiqtisadi göstəricilər üçün istehsal indekslərinin təkmilləşdirilməsi və istehsalçı qiymət indekslərinin əhatə dairəsinin genişləndirilməsi”, “Statistik məlumatların beynəlxalq səviyyədə və sektorlar arasında müqayisə olunmasına imkan yaratmaq məqsədilə müəyyən edilmiş sahələrdə mövcud beynəlxalq statistik təsnifatların tətbiqi”, “Aİ tərəfindən maliyyələşdirilmiş Tvinninq layihələri və digər tərəfdaşlıqlar nəticəsində təkmilləşdirilmiş mövcud statistik fəaliyyətlərin həyata keçirilməsi”, “Keyfiyyətli statistikanın istehsalı üçün Dövlət Statistika Komitəsində çalışan və digər maraqlı tərəflər ilə fəaliyyət göstərən statistiklərin və digər həmkarların potensialının təkmilləşdirilməsi” komponentləridir.

Konfransda dövlət orqanlarının, Azərbaycanda akkreditə olunmuş bir sıra beynəlxalq təşkilatların, Aİ-ya üzv dövlətlərin səfirliklərinin nümayəndələrinin və KİV təmsilçilərinin iştirakı nəzərə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.