DÜNYA
Avropada min kubmetr mavi yanacağın qiyməti 960 dollardan aşağı düşüb
Bakı, 17 may, AZƏRTAC
Avropada mayın 17-də keçirilən hərracın açılışında mavi yanacağın min kubmetrinin qiyməti 960 dollardan aşağı düşüb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, hazırda Niderlanddakı TTF habında min kubmetr qazın iyun fyuçersinin qiyməti 957 dollara enib. Ümumilikdə isə ticarətin gedişində mavi yanacağın qiymətində 4,7 faiz ucuzlaşma müşahidə olunub.
Mavi yanacağın ucuzlaşması Avropada yeraltı qaz anbarlarının 40 faizə qədər dolması fonunda baş verib.
Qeyd edək ki, martın 7-də Avropada mavi yanacağın qiyməti 79 faiz bahalaşaraq tarixdə ilk dəfə min kubmetrə görə 3900 dollara çatmışdı.
Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaması səbəbindən Avropa İttifaqı, ABŞ və Böyük Britaniyanın, həmçinin bir sıra digər dövlətlərin rusiyalı hüquqi və fiziki şəxslərə qarşı tətbiq etdiyi sanksiyalar qazın qiymətinin xeyli artmasına səbəb olub. Həmçinin Rusiya Prezidenti Vladimir Putin martın 23-də imzaladığı fərmanla aprelin 1-dən etibarən dost olmayan ölkələrin alıcıları tərəfindən Rusiya qazı üçün ödənişin yeni qaydalarını müəyyənləşdirib. Fərmana əsasən, onlar tədarük haqqını ödəmək üçün “Qazprombank”da xüsusi rubl hesabları açmalıdır.