DÜNYA
Avropada terror aktları törətməyə hazır olan İŞİD üzvlərinin siyahısı tapılıb
Bakı, 3 avqust, AZƏRTAC
İraqda Avropa ərazisində terror aktları törətməyə hazır olan İŞİD üzvlərinin siyahısı aşkarlanıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 173 terrorçunun siyahısında Avropa İttifaqının da bir neçə vətəndaşı var. Almaniyanın Die Welt qəzetinin yaydığı informasiyaya görə, siyahıya, həmçinin qruplaşma üzvlərinin fotoları və doğulduqları yer haqqında məlumatlar əlavə olunub. Məhz onlar İŞİD adından törədilə biləcək terror aktlarının potensial icraçıları hesab edilirlər.
Siyahıda adı keçənlərin əksəriyyəti (132 nəfər) İraq əsillidir. Habelə orada Tunis, Mərakeş, İordaniya, Tacikistan və Səudiyyə Ərəbistanı vətəndaşlarının adları çəkilir. Bununla yanaşı, 6 potensial terrorçu-kamikadze Belçika, Niderland, Fransa və Almaniyada doğulmuş şəxslərdir.
İraq xüsusi təyinatlıları terrorçuların gizli yerdə saxladıqları siyahını Mosul uğrunda döyüşlər zamanı tapıblar. ABŞ kəşfiyyatı əldə olunan məlumatları təhlil edərək Avropa ölkələrinin polis idarələrinə göndərib.