DÜNYA
Avstraliya ilə ASEAN ölkələri arasında təhlükəsizlik barədə müqavilə imzalanıb
Tokio, 17 mart, AZƏRTAC
Martın 17-də Cənub-Şərqi Asiya ölkələrinin rəhbərləri Avstraliya hökuməti ilə regionda zorakı ekstremizmə və terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıq barədə müqavilə imzalayıblar.
AZƏRTAC xəbər verir ki, beynəlxalq terrorizmlə mübarizə üzrə qarşılıqlı əməkdaşlıq barədə memorandum Avstraliya ilə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) ölkələri arasında Sidneydə keçirilən sammit çərçivəsində təşkil olunan terror əleyhinə konfrans zamanı imzalanıb. Müqaviləyə əsasən, tərəflər arasında kəşfiyyat xarakterli məlumatların mübadiləsi, hüquq mühafizə orqanlarının əməkdaşlığı və digər birgə təşəbbüslərin dəstəklənməsi barədə razılıq əldə edilib.
Konfransda çıxış edən Avstraliyanın Baş naziri Malkolm Ternbull və malayziyalı həmkarı Nəcib Razak transmilli terrorçu təşkilatlara qarşı regional əməkdaşlıq yolu ilə mübarizənin əhəmiyyətini qeyd ediblər.
M.Ternbull bildirib ki, terrorçu şəbəkələrinin artması günahkarların tapılmasını və terror aktlarının qarşısının alınmasını çətinləşdirir. Biz terrorçuları izləmək və onların niyyətinin qarşısını ilkin mərhələdə almaq üçün informasiya mübadiləsi aparmalıyıq.
İki gün davam edəcək sammit çərçivəsində regional təhlükəsizlik, habelə azad ticarət məsələləri müzakirə olunacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio