DÜNYA
Avstraliya parlamenti yeni tərkibdə işə başlayır
Tokio, 30 avqust, AZƏRTAC
İyulun əvvəllərində keçirilmiş seçkilər nəticəsində formalaşan Avstraliya parlamenti avqustun 30-da yeni tərkibdə işə başlayıb. Xəbər verdiyimiz kimi, son seçkilərdə Baş nazir Malkolm Ternbullun rəhbərlik etdiyi Liberal-Milli Koalisiya qalib gəlib. Bununla yanaşı, koalisiya 2013-cü il seçkilərinin nəticələrinə görə ali qanunverici orqanda qazandığı üstünlüyü əldən verib və hazırda nümayəndələr palatasında minimal üstünlüyə malikdir: 150 deputat yerindən 76 yer.
Liberal-Milli Koalisiyanın senatdakı mövqeləri də kifayət qədər möhkəm deyil, belə ki, yuxarı palatada cəmi 30 deputat (ümumilikdə 76 yer) hakim koalisiyanı təmsil edəcək. Müxalifətdə olan Leyboristlər Partiyası yeni senatda 26 yer, “Yaşıllar Partiyası” 9 yer qazanıb. Digər 11 yer isə üçüncü partiyalara və müstəqil siyasətçilərə aiddir.
Yaranmış vəziyyətin ciddiliyini başa düşən Baş nazir Malkolm Ternbull təşəbbüsü öz əlinə almağa çalışır. Belə ki, koalisiya tərəfdaşları ilə birlikdə iclas keçirən M.Ternbull cari həftə ərzində parlamentin müzakirəsinə 25 yeni əsas qanun layihəsinin təqdim edilməsini planlaşdırır. Bu layihələr ilk növbədə hakim koalisiya üçün mühüm əhəmiyyət kəsb edən iqtisadi tədbirləri - büdcə xərclərinin, şirkətlərdən vergilərin azaldılmasını və digər məsələləri nəzərdə tutur.
Baş nazir parlamentdə yeni qanun layihələrini keçirmək üçün müxalifətlə danışıqlara və razılaşmalara hazır olduğunu bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio